Accessibility links

Sinan Oğan: “Amerikada prezidentlər dəyişsə də, prioritetlər dəyişmir”


Amerika növbəti prezidentini seçəndən sonra beynəlxalq dairələrdə və eləcə də Vaşinqtonun özündə suallar yaranmaga başladı ki, yeni prezident Barak Obama İranın nüvə proqramı və Avropanın raketlərlə müdiəsi kimi məsələlərində sələfi Corc Buşun yolu ilə gedəcək, yoxsa fərqli siyasi kurs tətbiq edəcək?

Cənab Obama Ağ Evdə iş başına hələ yanvar ayında gələcək. Buna baxmayaraq, yeni prezident cümə günü ilk mətbuat konfransını keçirərək, bəzi suallara münasibətini açıqlayıb.

Amerikanın yeni prezidenti İranın nüvə planlarını qəbulolunmaz adlandırıb və Tehranı terroçuları dəstəkləmək işindən əl çəknəyə çağırıb.

Bunun ardınca isə cənab Obama noyabrın 8-də Polşa prezidenti Lex Kaçinskiyə zəng edərək, onunla Avropada raket əleyhinə müdafiə (RƏM) sistemi quraşdırmaq planlarını müzakirə edib.

Avqust ayında Amerika ilə Polşa arasında imzalanmış anlaşmaya görə, ABŞ Polşada 10 rakettutan mərmi yerləşdirəcək və Çexiyada əlavə radar quraşdıracaq. Daha əvvəllər Buş administrasiyasının mövqeyi bu idi ki, Avropada raketdən müdafiə sisteminin yaradılması, İran kimi xətakar dövlətlərdən mümkün raket hücumlarından qorunmaq üçün zəruridir.

ABŞ xəbərdarlıq edir ki, İran qarşıdakı illərdə nüvə başlığı daşıya bilən uzaqmənzilli raketlər əldə edə bilər. Lakin Rusiya ABŞ-ın planlarını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Moskva Çexiyada quraşdırılacaq raket sisteminin ona qarşı yönəldiyindən narahatdır. Rusiya prezidenti Dmitriy Medvedev elan edib ki, onlar Amerikanın bu planlarına cavab olaraq, Kalininqradda özünün qısamənzilli raketlərini yerləşdirmək qərarına gəliblər.

Beləliklə, indi Barak Obamanın bəyanatlarından sonra Rusiya və İran rəsmiləri, Amerikanın xarici siyasətini dəyişəcəyinə ümid olmadığını bildirirlər. Bu prosesləri izləyən beynəlxalq ekspertlər isə, prezident Obamanın yuxarıda toxunulan məsələlərdə sələfi Corc Buşun yolu ilə gedəcəyini güman edirlər.

Ankarada yerləşən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyir ki, Amerikada prezidentlər dəyişsə də, prioritetlər dəyişmir, sadəcə söhbət yeni prezidentin bu siyasəti hansı formada yürüdəcəyindən gedir.Buna görə də ekspertə görə, İran və beynəlxalq təhlükəsizlik məsələləri həmişəki kimi, Vaşinqtonun gündəliyində qalır.

"Sadəcə olaraq, Corc Buşun siyasəti belə idi ki, qərarlar təkbaşına qəbul olunurdu və heç kəslə müzakirə edilmirdi. Omabanın niyyəti əlbəttə ki, bu siyasəti tamamilə dəyişmək deyil. Sadəcə olaraq, o, bu məsələləri daha mütəşəkkil şəkildə və hamını razı salmaqla həll etməyə çalışacaq. Məsələn, Avropadakı liderlərlə müzakirə edəcək, BMT və ATƏT-i araya salacaq və ən əsası birtərəfli müharibə ultimatumları verməyəcək. Bəzi şeyləri müzakirə etməyə çalışacaq. Buna görə də o, Buş kimi, İranın nüvə silahını inkişaf etdirməsinə izacə verməyəcəyini təkrarladı. Eləcə də Avropada raketdən müdafiə sistemi quraşdırmaqla bağlı Amerikanın dəyişməz siyasətini ifadə edib”.

Bakıdakı Təhklükəsizlik Araşdırmalar Mərkəzinin başçısı İlham İsmayıl isə deyir ki, hər nə qədər Obamanın İranla baglı açıqlamaları Birləşmiş Ştatların xarici siyasətinə kəskin dəyişiklikdən xəbər verməsə də, bu Azərbaycan ücün yaxşıdır, Amma Avropada Vaşinqton-Rusiya qarşıdurması ekspertə görə, Azərbaycanın nəzərində arzuolunan deyil. “İranın nüvə silahına malik olması bölgədə təhlükələri artırır və buna görə də Obamanın fikirləri bizim üçün də məqbuldur və Azərbaycanın təhlükəsizliyinə qarantdır. O ki qaldı, Avropada radarların yerləşdirilməsi ehtimalına, bu, Ruisya tərəfindən əks reaksya doğuracaq. Bu isə Azərbaycanın şimal qonşusunu regionda bir qədər də aqressivləşdirəcək. Bu, pisdir”.

Bununla yanaşı siyasi ekspertlər ümid edirlər ki, Amerika qarşıdakı illərdə beynəlxalq təhlükəsizliklə bağlı siyasətində təkcə özünün daxilinə hesablanmış bəyanatlarla kifayətlənməyəcək, sözdən işə keçəcək.

XS
SM
MD
LG