Accessibility links

Faruk Loloğlu:  ‘Qarabağ məsələsində yeni fürsət pəncərəsi açılıb ‘


Türkiyənin nüfuzlu diplomatı, 1996-cı ildən 2006-cı ilədək bu ölkənin Azərbaycanda və Birləşmiş Ştatlarda səfiri olmuş Faruk Loloğlu hesab edir ki, Azərbaycan, Ermənistan və Türkiyə imkan pəncərəsini təcili dəyərləndirməlidirlər. Cənab Loloğlu “Amerikanın səsi”nə müsahibə verib. Hazırda Avrasiya Siyası Araşdırmalar Mərkəzinə rəhbərlik edən keçmiş səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda yaranmış şansları düzgün istiqamətləndirmək lazımdır.

Sual: Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Türkiyənin vasitəçiliyi ilə Nyu Yorkda keçirilmiş görüşündən artıq 2 ay ötür. Yaxın vaxtlarda isə bu dialoqun davamı olaraq, nazir Əli Babacanın Bakıya, Edvard Nalbandyanın isə Ankaraya səfərləri təyin edilib. Hətta 3 nazirin növbəti birgə görüşü barədə ehtimallar səslənir. Bu cür çoxmərhələli təmasların hədəfi nədir?

Cavab: Belə başa düşmək olar ki, daha əvvəlllər prezidernt Abdulla Gülün Yerevana səfəri ilə başlayan, sonra isə BMT-də aparılan təmaslar indi davam etməkdədir. Əlbəttə, bunlar hamısı cəsarət verici addımlardır. Mən həmişə demişəm ki, Türkiyə ilə Ermənistan və Azərbaycan arasında yaxşı münasibətlər qurula biləcəksə və Dağlıq Qarabağ məsələsi həll ediləcəksə, bunu ən yaxşı və düzgün şəkildə bu ölkələrin özləri edə bilərlər. Ona görə də, bu gün verilən açıqlamalar, xüsusilə də Türkiyə xarici işlər nazirinin Bakıya, Ermənistan xarici işlər nazirinin isə Ankaraya səfərlərinin elan edilməsi - bütün bunlar sülhə və həllə cəsarətləndirən addımlardır. Digər tərəfdən, bu yaxınlarda Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanat imzalayaraq, Qarabağ münaqişəsinin həllinə dair siyasi iradələrini elan etmələri də xoş hadisədir. Amma burada vacib olan hazırkı yeni fürsət pəncərəsini bütün ölkələrin, xüsusilə də Azərbaycan, Ermənistan və Türkiyənin çox təcili və düzgün şəkildə dəyərləndirməsi və illərdir ki, uzanan münaqişəninin nəhayət, həqiqi həll yolunun tapılmasıdır.

Sual: Həm Yerevanda, həm də Bakıda və Ankarada rəsmilər üçtərəfli təmaslardan razılıqla bəhs etsələr də, eyni zamanda, səslənən bəyanatlardan tərəflərin mövqelərində heç bir dəyişiklik baş vermədiyi aşkar görünür. Paralel olaraq, Türkiyə və Ermənistan rəsmilərinin də ara-sıra gizlin görüşmələri barədə xəbərlər yayılır. Hazırkı mərhələdə nazirlər də ikitərəfli müstəvidə müzakirə aparmaqda maraqlı görünür. Bu, sanki ortada hansısa diplomatik “alış-veriş”in getdiyi təsəvvürü yaradır...

Cavab: Tərəflər arasında hansısa formada məxfi görüşlərin keçirilməsini hər halda, dəqiq bilmirik. Amma bir şey məlumdur ki, Daglıq Qarabağ məsələsi ilə bağlı əvvəllər də Amerikanın və digər qüvvələrin vasitəçiliyi ilə sülhə yaxınlaşma, hətta bir çox idiaların səsləndiyi mərhələlər olub. Bu, onu göstərir ki, əgər tərəflər konkret bir nöqtədə siyasi iradələrini ortaya qoya bilərlərsə, əslində bu problemi həll etmək olar. Ona görə də əgər ictimaiyyətə məlum olan danışıqların arxasından, əlavə olaraq gizlin görüşlər də həyata keçirilirsə, mən bunda pis heç nə görmürəm. Çünki son nəticədə bu problemi müzakirə yolu ilə həll etmək başqa yollara baxanda daha qazanclı və ağıllı bir vasitədir. Siz alış-veriş sözünü işlətdiniz. Əlbəttə ki, münaqişəni həll etmək üçün hər iki tərəf bəzi addımlar atmalıdır, ortaq nöqtəyə gəlmək lazımdır. Belə məsələlərdə əlaqələndirməklə güzəştə getmək ifadələri arasındakı keçid çox həssasdır. Xüsusilə də, Azərbaycan və Türkiyə ictimaiyyəti Dağlıq Qarabağ məsələsində çox həssasdırlar. Amma mən deyirəm ki, əgər həqiqətən də, ortada bir həll imkanı yaranıbsa, bu imkan düzgün istiqamətləndirilsin və məsələ nəhayət ki, həll olunsun.

Sual: Hər halda üçtərəfli danışıqların davam etməsi və növbəti mərhələlərin hazırlanması nəyinsə əlaməti olmalıdır. Ola bilərmi ki, tərəflər həqiqətən də hansısa bir anlaşmaya gəlirlər, amma bunu ictimaiyyətlərə açıqlamaqda ehtiyat edirlər.

Cavab: Bu elə bir həssas vəziyyətdir ki, detallı bilmək olmur. Mən özüm daha diplomatiyanın içində deyiləm, amma prosesləri izləyirəm. Hər halda, bağlı qapılar arxasında nəsə bir qərara gəlindiyini nə təsdiq, nə də təkzib etmək olur.

Sual: Artıq ABŞ-da yeni administrasiya formalaşır. Tezliklə Türkiyənin baş nazirinin Vaşinqtona gələcəyi gözlənilir. Ankara Qafqazdakı sülh səylərini Obama administrasiyası ilə hansı formada əlaqələndirməlidir?

Cavab: Amerikada yeni seçilmiş prezident Barak Obama vəzifəsinə düzdür, yanvar ayinda başlasa da, artıq özünü Amerika siyasətində hiss etdirməyə başlayır. Mən növbəti mərhələdə Türkiyə ilə ABŞ arasındakı münasibətlərin yenə də əvvəlki əhəmiyyətini qoruyub saxlayacağına əminəm. Düzdür, yeni vitse-prezidentin erməsi məsələsinə münasibəti müəyyən narahatlıqlar doğurur. Amma, buna rəğmən, mən Türkiyə ilə Ameirkanın Qafqazda, Qara dənizdə, Balkan bölgəsində, enerji məsələsində, İran və İraq mövzularında təqib etdikləri vahid siyasi kursun davam edəcəyini ehtimal edirəm Və bu kurs, əlbəttə ki, Obamaya və onun komandasına da izah ediləcək.

XS
SM
MD
LG