Accessibility links

Iranlı professor Britaniya kitabxanasından oğurluq etməkdə günahlandırılır


Londonda çıxan “Guardian” qəzetinin yazdığına görə, məşhur iranlı iş adamı, Harvard Universitetini bitirmiş tədqiqatçı Fərhad Həkimzadə noyabrın 21 də London məhkəməsinə çıxarılıb. O, Britaniya Kitabxanası və Oksford kimi kitabxanaların əlyazmalarının bir sıra səhifələrini oğurlamaqda ittiham olunur.

Dəyərli əlyazmalara xəsarət yetirilməsi faktı uzun müddət kitabxana rəsmilərinə məlum olmayıb. Ancaq bir müddət öncə, bu fakt həmən kitabların bəzilərini əmanət alan başqa tədqiqatçılar tərəfindən ortaya çıxarılıb və bu barədə Britaniya Kitabxanasına məlumat verilib. İlkin araşdırma zamanı Həkimzadənin əmanətə götürdüyü kitabların əksəriyyətində “cərrahiyə əməliyyat” aparıldığı ortaya çıxıb.

Varlı iş adamı və tədqiqatçının Londonun qərbindəki evində aparılan axtarış zamanı isə qədim əlyazmalardan kəsilərək çıxarılmış səhifələr və xəritələrin bəziləri tapılıb. Bundan sonra Həkimzadənin bir sıra faktları etiraf etməkdən başqa yolu qalmayıb.

Qəzetin yazdığına görə İranlı alim ona qarşı irəli sürülən ittihamlardan 14-nü etiraf edib. İranlı alim 1998-cı ildən etibarən Britaniya kitabxanalarından 800 dən artıq kitab əmanətə götürüb və 150 səhifədən artıq sənəd və xəritəni diqqəti cəlb edə bilməyəcək xüsusi məharətlə kəsib götürüb.

Onun xəsarət yetirdiyi kitabların çoxu, 16-cə əsr Avropa səyyahlarının səfərlərindən o cümlədən “Çin Tarixi”, “Monqol İmperatorluğu” “Qərbi Asiya və İran Tarixi” kimi nadir kitablardan ibarətdır. Britaniya Milli Kitabxanası, Nadir Kitablar Bölümünün rəisi Kristian Censenın dediyinə görə, İranlı alimin bilərəkdən vurduğu maddı xəsarət 400 min avro olsa da, əslində onun bəşəriyyətə vurduğu mənəvi ziyanın miqyasını ölçmək çətindir.

60 yaşlı F.Həkimzadə 1979-cü il İslam İnqılabından sonra İranı tərk edib. ABŞ vətəndaşı olan Həkimzadə 1998-cı ildən “İran Mirası” adlı mədəni və xeyriyyə təşkilatının rəhbəri olub.

XS
SM
MD
LG