Accessibility links

Abdulla Abbasidən xəbər yoxdur


Səttarxanın Tehranın Rey şəhərində olan məzarı üstündə keçirilən dinc yığıncaq zamanı həbs olunan azərbaycanlıların harada saxlandıqları barədə məlumat yoxdur. Bu xəbəri yayan “İnsan Haqları Reportyorları Komitəsi” bildirir ki, Ettelaat orqanlarının noyabrın 14-də həbs etdiyi, Tehranın Rəcai Universitetinin müəllimi Abdulla Abbasi Cavan və Ərdəbilli müəllim Hüseyn Hüseyinin saxlandığı yer və durumu barədə ailələri və yaxınlarına heç bir məlumat verilməyib. Onların hansı ittiham əsasında saxlandıqları da bəlli deyil. Ailələrinin davamlı müraciətlərinə baxmayaraq, iş üzrə müstəntiq Mətin Rasex məhbuslarla əlaqə saxlanmasına icazə verməyib. İrandakı azərbaycanlıların mədəni haqlarının müdafiəçisi kimi tanınan Dr. Abbasi bundan öncə də bir neçə dəfə həbs olunmuşdu. Əvvəllər Ettelaat onu 5 aya yaxın Tehranın “Evin” həbsxanasının 209 saylı qapalı təcridxanasında saxladıqdan sonra zaminə buraxmışdı.

Bu arada, noyabrın 10-da həbs olunan Təbrizli jurnalist Şahnaz Qulamının artıq Təbrizin ümumi rejimli həbsxanasına köçürüldüyü bildirilir. Təbrizin İslam İnqılabı Məhkəməsi yazılarına görə jurnalist barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarmışdı.

Qeyri-rəsmi mənbələr başqa bir azərbaycanlı fəal haqda da məhkəmə qərarının verildiyini bəyan edirlər. Zəncan Vilayəti İslam İnqılabı Məhkəməsinin hakimi Məsum Xanı Əbhərlı fəal Səfərəli Xueynihanın haqqında 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası çıxarıb. İranda olan azərbaycanlı fəal Xueyniha 2 il öncə “Ana Dili Günü” münasibəti ilə keçirilən dinc etirazlar zamanı tutulmuş, 20 günə yaxın qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılmışdır.
XS
SM
MD
LG