Accessibility links

Sabiq ABŞ rəsmiləri cinayət məhkəməsində rüşvət faktı ilə bağlı ifadə verməyə razıdır


İki sabiq ABŞ rəsmisi Azərbaycan hökumətinə Çex biznesmeni Viktor Kojeninin rüşvət verməsi ilə bağlı cinayət məhkəməsində ifadə verməyə razı olublar. Blumberq biznes məcmuəsinin yazdığına görə, hökumətdə xidməti tərk etdikdən sonra sabiq Pentaqon analitiki Kristin Rastas və Narkotikaya Nəzarət Administrasiyasının keçmiş əməkdaşı Con Puli 1997-ci ildə Kojeni üçün işləməyə başladılar. Həmin vaxtda Kojeni Azərbaycan dövlət neft şirkətini satın almağa çalışırdı.

Jurnalda deyilir ki, Kojeni və başqa müttəhim Frederik Burkenin ittihamlarla üzləşdiyi Manhattan Federal Məhkəməsində noyabrın 24-də ictimaiyyətə açıqlanmış ifadələrə əsasən Rasat və Puli Kojeninin keçmiş Azərbaycan prezidenti Heydər Əliyevə rüşvət verdiyindən xəbər tutduqlarını bildiriblər. Kojeni və Burkeyə qarşı ifadələrin əvəzində federal hökumət onların mühakimə edilməyəcəyinə zəmanət verib. Azərbaycan rəsmiləri rüşvət insidentini inkar edirlər.

Blumberq biznes məcmuəsinin yazdığına görə, Kojeninin investisiya bankında çalışan Rastas deyib ki, o, qatıldığı nahar zamanı misirli biznesmen Şafik Qabr Azərilərin nəyə görə dövlət neft şirkətini satacaqları haqda sual verib. Cavabında Kojeni bildirib ki, o, bunun üçün Azərbaycanın o vaxtkı prezidentinə pul verib.

Jurnalda qeyd edilir ki, 1995-2000-ci illər arasında Kojeninin təhlükəsizlik üzrə müşaviri olmuş Puli Kojeninin vəkili Hans Bodmerin Azərbaycan rəsmiləri üçün İsveçrədə bank hesabı açmasının şahidi olduğunu deyib. O, buradan belə qənaətə gəlib ki, Kojeni Azərbaycan rəsmilərinə qiymətli əşyalar verir. Ən azı 6 adam indiyədək sövdələşmədəki qanun pozuntutlarından xəbərdar olduğunu söyləyib. Rastas və Pulidən əlavə Kojeni yardımçısı Bodmer və bir investor günahkar olduqlarını etiraf etmiş və hazırda prokurorlara kömək edirlər. Kojeni etiraf edir ki, o, Azərbaycan rəhbərliyinə rüşvət verib, lakin iddia edir ki, ABŞ vətəndaşı olmadığından Amerika qanunları ona şamil edilə bilməz.

2005-ci ildə ABŞ federal ittihamçıları Kolorado ştatında evi olan Kojenini 1998-ci ildə Azərbaycan dövlət neft şirkətini almaq məqsədilə milyonlarla dollar həcmində rüşvət verməkdə ittiham edir. Blumberq biznes məcmuəsinin yazdığına görə, fırıldaq əməliyyatının tərkib hissəsi olaraq Kojeni Azərbaycan liderlərinə 300 milyon dəyəri olan şirkətin üçdə ikisini verməyi vəd edib. Rastas və Puli məsələ ilə bağlı Blumberq qəzetinə şərh verməkdən boyun qaçırıblar. Azərbaycan səfirliyinə edilən zəngə cavab verilməyib.

“ABŞ versus Kojeni” adlanan məhkəmə işi Nyu Yorkun cənub - Manhattan dairəsində aparılır.
XS
SM
MD
LG