Accessibility links

"Kommersant"-ın eksperti: "Medvedevin səfəri gecikmiş addım idi"


Rusiya prezidenti Dmitri Medvedev strateji Latın Amerika səfərini sona çatdırdı. Səfər çərçivəsində regionun 4 dövlətində olan Rusiya prezidenti sabiq Kuba lideri Fidel Kastro ilə də görüşüb. Moskvanın Latın Amerikasının aparıcı dövlətləri ilə münasibətlərini bərpa etməyə çalışması ABŞ-Rusiya münasibətlərinə necə təsir göstərir və bu səfər Rusiyanın özü üçün nələr vədd edir?

Rusiya prezidenti Dmitri Medvedevin bir həftəlik Latın Amerikası səfərinə Braziliya, Venesuela, Peru və Kuba daxil idi. Ekspertlər səfərin Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-ın Tbilisiyə dəstəyinə cavab olaraq həyata keçirildiyini bildirir. Digər bir məsələ isə Birləşmiş Ştatların Mərkəzi Avropada raketdən müdafiə sistemi quraşdırmaq planları ola bilər. “Kommersant” qəzetinin xarici siyasət şöbəsinin müdiri Azər Mürsəliyev hesab etmir ki, Latın Amerikasına səfər Rusiya-Gürcüstan münaqişəsi ilə sıx bağlı olsun. Onun sözlərinə görə, bu, Rusiya elekoratına ünvanlanmış bir söz oyunudur.
Analitik səfəri gecikmiş addım kimi qiymətləndirir.

Cənab Mürsəliyev deyir ki, hazırlaşma dövründə xeyli mühüm layihələr işlənmişdi. Ancaq indi həm Rusiya həm də Latın Amerikası başa düşür ki, bu layihələrin çoxu sual altındadır. Çünki qlobal maliyyə böhranı zamanı milyardlarla pul tapıb böyük layihələrə yatırmaq real görünmür.
Cənab Medvedevin səfəri Rusiya hərbi dəniz qüvvələrinin Venesuela ilə birgə təlimlər keçməsi üçün Karib hövzəsinə getməsi ilə eyni vaxta təsadüf edib. Bu addımın XX əsrin ortalarında baş vermiş Kuba raket böhranını xatırlatmasına baxmayaraq Azər Mürsəliyev indi də belə bir böhranın baş verəcəyini ehtimal etmir.
Cənab Mürsəliyevin fikrincə Rusiya Latın Amerikasının digər regionlarına da öz silahlarını satmağa müvəffəq ola bilər, ancaq o, yaxın bir neçə ildə silah alverində də müəyyən bir böhranın yaranacağını ehtimal edir. Cənab Mürsəliyev hesab edir ki, silah alverində intensiv alış-veriş neftin qiyməti yüksək olan zaman baş verir və neft satan ölkələr artıq pullara sahib olanda silah satın almağa daha çox üstünlük verir.
Hazırda isə neftin qiyməti enməyə başladığından ekspertin fikrincə gələcəkdə belə alış-verişin davam etməsi real görünmür.
Prezident Dmitri MEdvedyev 4 ölkədə olan zaman Rusiya xarici işlər naziri Serqey Lavrov digər iki Latın Amerikası ölkəsi - Ekvador və Kolumbiyaya baş çəkib. Cənab Lavrov Kitoda çıxışı zaman Latın Amerikasını “İqtisadi inkişafın mərkəzi” adlandırıb. “Kommersant” qəzetinin şöbə müdürü də regionun yeni bazar kimi çox maraqlı göründüyünü bildirir.
Cənab Medvedevdən qısa müddət əvvəl Latın Amerikasına Çin liderinin səfərini xatırladan analitik bunu daha uğurlu səfər kimi qiymətləndirir. Onun sözlərinə görə, Çini ilk növbədə neft maraqlandırır.
Bəs görəsən rusiya üçün səyləri Latın Amerikasında boşa çıxacağı təqdirdə növbəti strateji region hara ola bilər? Azər Mürsəliyev bunun Afrika ola biləcəyini ehtimal edir.
Bu arada ABŞ Dövlət Departamenti bu gün başlayacaq Rusiya-Venesuela hərbi manevrlərinin diqqətlə izlənəcəyini, lakin bunun ABŞ-ın regiondakı nüfuzuna ziyan vurmayacağını bəyan edib.
XS
SM
MD
LG