Accessibility links

Avropa Şurası xarici yayımlarla bağlı problemdən narahatdır



Beynəlxalq təşkilatlar Azərbaycan rəsmilərinin gələn ildən etibarən xarici yayımların dayandırılmasına dair bəyanatlarından narahatlıqlarını səsləndirməkdə davam edirlər.

Hazırda Bakıda səfərdə olan Avropa Şurası baş katibi Terri Devis də Amerikanın səsi, Azadlıq və BBC radiostansiyaları ətrafında yaranmış problemin mahiyyətini başa düşmədiyini və ölkə rəsmiləri ilə bu barədə müzakirə aparacağını vurğulayəb.

Terri Devis sual edib: “Məni maraqlandırır ki, nə olub, axı problem nədir?”

Avropa Şurasının baş katibi Bakıya Avropa ölkələri mədəniyyət nazirlərinin yığıncagında iştirak üçün gedib. Bu gün keçirdiyi mətbuat konfransında isə baş katib eyni zamanda Azərbaycanda xarici yayımlarla əlaqədar problemə də münasibət bildirib.

Cənab Devis deyib ki, artıq Strasburqda - Avropa Şurasında Azərbaycanda xarici radiostansiyaların birbaşa yayınının məhdudlaşdırılması barədə narahatlıqlar var. Bu məsələ onu da təəccübləndirib:

“Mən bilirəm ki, söhbət üç radiostansiyadan gedir ki, onlardan da biri BBC-dir. Mən bilirəm ki, BBC bu məsələdə Azərbaycanda hökumətlə müəyyən diplomatik üsullarla təmaslar qurur. Mən başa düşə bilmirəm ki, problem nədir? Birinci sual budur ki, problem nədir? Azərbaycan rəsmilərinə demək istərdim ki, biz Avropada ifadə azadlığına inanırıq. Biz mövqe ifadə etməyin azadlığına inanırıq. Əlbəttə, elə verilişlər olur ki, heç də hamı onunla razılaşmır. Mən neçə illərdir ki, Birləşmiş Krallıqda siyasətlə məşğul oluram. Mən də vaxt olub ki, BBC-ni tənqid etmişəm. BBC-nin dedikləri bəzən mənim də xoşuma gəlməyib. Mən hətta BBC-dən şikayət də etmişəm. Lakin bu o demək deyildir ki, mən yayınların dayandırılmasını istəmişəm. Mən adamların dedikləri ilə razı olmaya bilərəm. Lakin məni tənqid etməklə yuxusuz qoymaq olmaz. Mənim tənqid yükünü götürməyim üçün çiynim kifayət qədər geniş, dərim isə kifayət qədər qalındır. Mən başa düşə bilmirəm ki, Azərbaycanda bu sahədə çətinlik nədən ibarətdir. Azərbaycan bu yayınların ifadə azadlığı ilə fəxr etməlidir. Bu Avropalı olmağın əsas atributlarından, əsas keyfiyyətlərindən biridir."

Terri Devisin Bakıda dediklərini və keçirdiyi görüşləri Strasburqda da yaxından izlyirlər. Lakin Avropa Şurasının özünün Azərbaycanda xarici radioyayımın davamı ilə bağlı hansı planları var? Rəsmi Bakı qərarından geri çəkilməsə, bu Azərbaycanın Avropa ilə münasibətlərinə necə təsir edəcək?

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel “Amerikanın səsi”nə müsahibəsində deyib ki, söhbət tək radiolardan getmir, həm də Azərbaycanda mətbuatın azadlığından və bu sahədəki problemlərdən gedir. Konkret olaraq xarici yayımların milli efirdən yığışdırılmaq niyyətləri isə problemin ən kəskin təzahürüdür.

"Başa düşürük ki. yayımını dayandırmaq istədikləri xarici radiolardır. Amma söz azadlığı hüquqi baxımından məhdudlaşdırıla bilməz. Fərqi yoxdur kimi bağlayırlar - xarici, yoxsa yerli kütləvi informasiya vasitəsini. Amma məsələyə siyasi baxımdan yanaşsaq, mənə də qəribə gəldi ki, belə hadisə də baş verə bilər. Beynəlxalq təşkilatların qiymətləndirmələrində də deyilir ki, Azərbaycanda mətbuat azadlığı məhdudlaşdırılıb və bu sahədə problemlər var».

Milli Televiziya və Radio Şurasının rəhbərliyi 2009-cu ilin yanvarından Azərbaycanda «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının sərbəst yayımının dayandırılacağını bildirib. Bakı bu qərarını milli qanunvericiliklə izah edir. Lakin həm Strasbuqda, həm də Vaşinqtonda ümid edilir ki, bu məsələyə yenidən baxılacaq və radioları eyni tezlikdə saxlayacaqlar.

XS
SM
MD
LG