Accessibility links

Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri


Birləşmiş Ştatların 44-cü prezidenti olmağa hazırlaşan Barak Obama bu həftə kabinetinə yeni təyinatları açıqladı. Cənab Obamanın yeni təyinatları Amerika-Türkiyə münasibətlərinə hansı şəkildə təsir göstərəcək. Amerikanın səsinin türk xidməti Strateji və Beynəlxalq Araşdırmalar Insitutundan təhlilçi Semuyel Brenenlə müsahibə keçirib.

Prezident seçilmiş Barak Obama Dövlət katibi vəzifəsinə Nyu York ştatından senator, ABŞ-ın birinci xanımı Hilari Klintonu təyin edib. Müdafiə naziri Robert Geyts öz vəzifəsində qalır, hərbi qüvvələrin təqaüddə olan generalı Cim Cons isə Milli Təhlükəsizlik məsələləri üzrə müşavir təyin edilmişdir.

Təhlilçinin bildirdiyinə görə, Barak Obamanın xarici siyasət sahəsində tanınmış şəxsləri vəzifəyə seçməsi onun təcrübəyə nə qədər böyük diqqət verdiyini nümayiş etdirir. O deyir ki, bu üç siyasətçi Türkiyəni yaxından tanıyır. Sem Brennen Hilari Klintonun Türkiyə-Amerika münasibətlərini həyat yoldaşı Bil Klinton dövründə olan səviyyəyə çatdırmağa səy göstərəcəyini qeyd edir.

Onun sözlərinə görə, xanım Klinton Bil Klintonun Türkiyədə nə qədər populyar olduğunu bilir. “O, Türkiyə-Amerika münasibətlərini o dövrün səviyyəsinə yaxınlaşdırmağa çalışacaq. O, həyat yoldaşına arxalanacaq. Bu, Obama üçün böyük mənbədir.”-deyə təhlilçi bildirir.

Keçmiş prezident Bil Klintonun dövründə Türkiyə və Amerika arasında birgə strateji maraqların mövcudluğu xətti işlənib hazırlanmışdı. Brennen Klintonun Türkiyənin Amerika üçün strateji maraq kəsb etdiyini bildiyini deyir.

Təhlilçinin sözlərinə görə, xarici siyasət sahəsində heç bir ciddi siyasətçi Türkiyənin Amerika üçün mühüm maraq kəsb etmədiyini sözləyə bilməz. “Seçki kampaniyası dövrü seçicilərə, erməni diasporuna nə desələr də, Türkiyənin NATO üzvü olması, onun Avropa ilə münasibətləri yaxşılaşdırmaqda rolu, İraqda siyasi çəkisi və İraqın bötüv bir dövlət olaraq qalmasında maraqlı olması, İraqdan hərbi qüvvələrin çıxarılması məsələsində onun rolu, Türkiyənin Əfqanıstan, Pakistan, Hindistan, Gürcüstan və Rusiya kimi ölkələrlə münasibətləri nəzərə alınacaq. Mənim fikrimcə, KlintonTürkiyəyə müttəfiq kimi baxacaq.”deyə, o bildirir.

Sem Brennen Klintonun adının da Barak Obamanın seçimində rol oynadığını və cənab Obamanın bununla Amerikanın imicini yaxşılaşdırmaq baxımından seçim etdiyini düşünür.

Seçki kampaniyası dövrü Barak Obamanın vitse-prezidentliyə namizəd kimi Delaver ştatından senator Co Baydeni seçdiyi zaman Baydenin Obamanın xarici siyasət kursuna təsir göstərə biləcəyi haqda fikirlər söylənmişdi. Senator Baydenin mübahisəli məsələlərdə Türkiyə əleyhinə mövqe tutması Türkiyədə narahatlıqla qarşılanmışdı. Sem Brennen hesab edir ki, Klinton kimi güclü siyasətçinin Dövlət Departamentinə gəlməsi Baydenin rolunu azalda bilər, bu da Obamanın tək bir adamın baxışlarına əsaslanmayacağını göstərir.

Sem Brennen Müdafiə naziri Robert Geytsin vəzifəsində qalması və Milli Təhlükəsizlik müşaviri vəzifəsinə ABŞ-ın Avropada hərbi qüvvələrinin keçmiş komandanı Cim Ceymsin gətirilməsinin də Türkiyə-Amerika münasibətlərinə müsbət təsir göstərəcəyini deyir.

Onun sözlərinə görə, Müdafiə naziri GeytsTürkiyənin təhlükəsizliyi məsələsinə əhəmiyyət verir, Türkiyənin NATO-da üzvlüyünü yüksək qiymətləndirir. “Bu isə çox mühümdür. General Cons da NATO qüvvələri və Avropa qüvvələri komandanlığında bir hərbiçi kimi Türkiyəni yaxşı tanıyır. Cons Türkiyəni Amerikanın strateji müttəfiqi hesab edir. İraqda xidmət etmiş bir komandan olaraq o, Türkiyə və Amerika arasında münasibətlərinin gücləndirilməsinə çalışacaq.”-deyə təhlilçi fikrini bitirir.

Prezident seçilmiş Barak Obamanın təyinatları Senatda təsdiq edilməlidir.

XS
SM
MD
LG