Accessibility links

Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir


Ərdəbildə azərbaycanlı fəalları müdafiə edən bir vəkil həbs edilərək, öz müvəkkillərindən imtina etməyə məcbur edilib. Bu xəbəri yayan “Öyrənci” və başqa mənbələrin verdiyi məlumata görə, keçən həftə, 3 azərbaycanlı fəalı müdafiə edən Ərdəbilli vəkil Ərdəbilin İslam İnqilab Məhkəməsinin sədri cənab Həsənzadənin əmri ilə, 3 saatdan artıq həbs edilib.

Məhkəmə sədri, “Xəzər” tələbə jurnalının təsisçisi və Ərdəbil Universitesinin İslami Birliyinin sədr muavini, Ərdəşir Kərimi Xiyavi, “Yaşıl Muğan”, “Yarpaq” və “Araz” kimi jurnallar və qəzetlərdə yazıları çıxan jurnalist Rəhim Qulami və azərbaycanlı fəal Vədud Səadətinin işi üzrə məhkəmə iclası zamanı, onları müdafiə edən vəkil Mehdi Höccətini müttəhimlərin müdafiəsindən imtina etməyə çağırıb. Buna müqavimət göstərən vəkil, müttəhimlərlə işbirliyində ittiham olunaraq məhkəmə sədrinin tapşırığı ilə həbs edilib və yalnız fəalların müdafiəsindən imtina etməsi barədə öhdəlik götürdükdən sonra azadlığa buraxılıb.

Vəkil müdafiəsindən məhrum edilən azərbaycanlı fəallar hüquqlarının məhdudlaşdırılmasına etiraz edir, məhkəmə sədrinin vəkilə qarşı hərəkətlərinin qanunsuz olduğunu bildirirlər.

Ərdəşir Kərimi Xiyavi, Rəhim Qulami ana dilində təhsil istəyi ilə bağlı ötən il keçirilən dinc etirazlar zamanı həbs olunmuş, daha sonra müəəyəyn miqdarda pul müqabilində zaminə buraxılmışdılar. Ərdəbilli fəal Vədud Səadəti isə bundan öncə bir neçə dəfə həbs olunub. Sonuncu dəfə o “İran dövlətinə qarşı təbliğat”da ittiham olunaraq tutulmuş və 6 ay müddətinə həbsdə saxlanmışdı. Həbsdə saxlandığı müddətdə onun ağır işgəncələrə məruz qaldığı barədə xəbərlər yayılmışdı.

XS
SM
MD
LG