Accessibility links

Son 2 həftədə İranda 15 adam asılıb


Rəsmi məlumatlara görə, İran məhkəmələrinin qərarı ilə son iki həftə içində 15 nəfər edam olunub. Edamların sayına görə Tehranın “Evin” həbsxanası öndə gedir.

Verilən məlumatlara görə, həmən həbsxanada bir gün ərzində 10 adam dar ağaclarından asılmaqla edam edilib. Evin həbsxanasında edam edilən məhkumlardan biri Fatimə Həqiqətpəjuh olub. O, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur. İnsan haqları təşkilatları bütövlükdə edamlara qarşı çıxırlar. Hüquq müdafiəçilərinin dediyinə görə, Fatimə 14 yaşlı qızını özünün ikinci ərinin zorlamasından qurtarmaq üçün onu qətlə yetirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Fatimənin edamından öncə hətta onun vəkili ilə görüşməsinə də icazə verilməyib.

Son iki həftə ərzində edam olunanlardan biri də casusluqda ittiham olunan Əli Əştəri olub. O, İsrail təhlükəsizlik orqanları ilə işbirliyində günahlandırılır. Rəsmi məlumatlara görə, İranın təhlükəsizlik orqanları ilə əlaqə quran Əştəri İranın nüvə sənayesini bir sıra zəruri cihazlarla təmin edib. Amma bu cihazlar “bulaşıq” cihazlar olduğunudan nüvə təsisatının fəaliyyətində pozuntulara səbəb olub.

Ümumilikdə edam olunanların əksəriyyəti qətldə təqsirli bilinirdi.

İl ərzində İranda edam olunan insanların say 270 nəfəri ötüb.

Hal-hazırda edam hallarına görə Çin 1-ci, İran isə 2-ci yeri tutur. Ancaq son günlərdə icra olunan kütləvi edamlar davam edərsə, İran edam üzrə də dünya birinciliyinə yüksələcək.

Azyaşlıların edamının dayandırılması ilə bağlı ziddiyyətli açıqlamalara baxmayaraq, İran bu sahədə birinciliyini qoruyub saxlayır.

XS
SM
MD
LG