Accessibility links

Azərbaycana maliyyə köçürmələri edən ölkələrə xəbərdarlıq olundu


Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Əleyhinə Ekspertlər Komitəsi - MONEYVAL Azərbaycana dair xüsusi bəyanatla çıxış edərək, ölkədə bu sahədə qanunvericiliyin bərbad vəziyyətdə olduğunu bildirib.

Təşkilat Strasburqda keçirilən iclasında qeyd edib ki, sözü gedən qanun layihəsi tam şəkildə beynəlxalq standartlara cavab vermədiyi üçün narahatlıq doğurur. Bəyanatda Azərbycan höküməti sözügedən qanun layihəsini standartlarlara uyğun formalaşdırmağa və təcili tətbiq etməyə çağırılır. Habelə digər üzv dövlətlərə Azərbaycana və eləcə də Azərbaycan üzərindən edilən maliyyə transferlərinə, riskləri azaltmaq üçün, xüsusi diqqət yetirmələri tövsiyə olunur.

Ancaq bəyanatda Azərbaycanda Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi sahəsində konkret hansı risklərin olmasından bəhs edilmir.

“Amerikann səsi” radiosu bu barədə mövcud problemləri aydınlaşdırmaq üçün Bakıdakı Şərq Qərb araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya və rəsmi mövqe olaraq Milli Məclisinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyətində yer almış Aydın Mirzəzadəyə müraciət edib.

Ərəstun Oruclunun dedikləri: “Mənə elə gəlir ki, burada əsas narahatlıq 2 səbəbdən irəli gəlir. Birincisi, Azərbaycanda qara iqtisadiyyatın - yəni gizli iqtisadiyyatın ümumi çəkisinin iqtisadiyyatın böyük bir hissəsini, bəlkə də yarısından çoxunu təşkil etməsidir ki, bu da real bir təhlükədir. Çünki gizli iqtisadiyyat çoxlu nəzarətsiz vəsaitlər yaradır. Bu vəsaitlərin isə müxtəlif kriminal sahələrə, o cümlədən terrorizmin maliyyələşdirilməsinə yönəlməsi çox texniki bir prosesdir.Digər tərəfdən isə Azərbaycanda qanunun aliliyinin təmin olunmaması və bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsi artıq beynəlxalq aləmi narahat edir və bu barədə açıq danışmaga başlayıblar. Mənə elə gəlir ki qanunvericiliyin təkmilləşməsi də hələ heç nə demək deyil. Azərbaycanda istimai nəzarətin güclənməsinə təkan vermək lazımdır ki, mövcud qanunlar çərçivəsində hakimiyyətin maliyyə fəaliyyətinə nəzarət olunsa, bu, yetərli olacaq”.

Millət vəkili Aydın Mirzəzadə: “Azərbaycanda çirkli pulların yuyulmasına dair narahatçılığa heç bir əsas yoxdur. Əgər həmən ekspertlər qrupunun Azərbaycana qanunvericiliklə bağlı təklifləri varsa, qoy onu Azərbaycan parlamentinə göndərsinlər. Biz onları nəzərdən keçirməyə hazırıq. Biz hesab edirik ki, bu yöndə qəbul etdiyimiz qanunlar beynəlxalq standarta cavab verir. Qabaqcıl Avropa ölkələrincə çirkli pulların yuyulması ilə bağlı hansı mexanizmlər nəzərdə tutulubsa, onlar Azərbaycanın milli qanunvericiliyində də nəzərə alınıb. Bizim gördüyümüz işlərdə şəffaflıq güclüdür. Əgər kimlərəsə hansısa informasiya lazımdırsa, Azərbaycan bu informasiyanı verə bilər”.

XS
SM
MD
LG