Accessibility links

Azərbaycan neft hasilatını azalda bilər


Neft ixrac edən ölkələrın təşkilatı – OPEK-in bu həftə Əlcəzairdə keçiriləcək sammitinə ilk dəfə olaraq, Azərbaycan da dəvət edilib. Məqsəd neftin qiymətinin aşağı düşməsi fonunda beynəlxalq səviyyədə hasilatın azaldılmasına dair yekdil qərar qəbul etməkdir.

Əslində belə razılaşma qeyri-rəsmi də olsa, OPEK ölkələri arasında mövcuddur, lakin təşkilatda belə hesab edirlər ki, hasilatı azaltmağı OPEK-dən kənarda qalan Rusiya, Suriya, Oman və Azərbaycan kimi neft ixracatçıları ilə də razılaşdırmaq daha effektiv olardı.

Səbəb budur ki, dünya neft hasilatının 42 faizini təmin edən 13 OPEK ölkəsi artıq bir neçə dəfə hasilatı azaltmaq barədə qərar veriblər, amma bu qərar bir barreli 147 dollardan kəskin aşağı düşən qiymətlərin qalxmasına ciddi təsir göstərmədi. Hazırda isə “Brent” markalı neftin bir barrelinin qiyməti 46 dollara satılır.

OPEK rəsmiləri deyirlər ki, əgər indi neftin hasilatı onun satış qiymətindən baha başa gəlirsə, o zaman ixracatı azaltmaqla “qara qızıl”ın dəyərini bazarlarda artırmaq olar. Təşkilat hesab edir ki, qiymətlər bir barrel üçün heç olmasa 60-100 dollar arasında dəyişməlidir.

Bu gün Əlcəzairə yola düşməzdən öncə “Amerikanın səsi”nin sulalını cavablandıran Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev OPEK-in neft hasılatını azaltmaq barədə qərarı rəsmiləşdirəcəyi təqdirdə, Bakının da bununla razılaşağını istisna etməyib.

“Əgər orada belə bir qərar qəbul olunsa, ola bilsin ki Azərbaycan bunu dəstəkləyəcək” – deyə nazir bəyan edib.

Azərbaycanla yanaşı, OPEK-in sammitinə dəvət olunan Rusiya da bəyan edib ki, onlar neftin qiymətlərini tənzimləmək üçün bu təşkilatla səylərinı birləşdirəcəklər.

Amma müstəqil iqtisadçılar isə diqqəti buna yönəldirlər ki, Azərbaycan əgər OPEK-ə qulaq asıb neftin hasilatını azaltmaq barədə öhdəlik götürsə, bu, ölkə qarşısında yeni problemlər aça bilər.

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Amerikanın səsi”nə müsahibəsində belə bir qərarı Azərbaycan üçün perspektivsiz adlandırıb. Çunki onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanın hasil etdiyi neft özününkü deyil:

“Gələn il Azərbaycanda hasil ediləcək 60 milyon ton barrel neftdən 53 milyonu ABƏŞ-in və Şahdənizin üzərinə düşür. Yəni hasil edilən neftdən 90 faizdən artığı hasilatın pay bölgüsü tipli kontraktlarla tənzimlənir. Və o kontraktlar qanun şəklində həyata keçirilir – onun geriyə yolu yoxdur. İndi təsəvvür edin ki, OPEK qərar qəbul edərək Azərbaycandan gələn il neftin ixracını 10 faiz aşağı salmağı istəyir. Azərbaycan hökümətinin isə bununla bağlı məsələn, ABƏŞ-ə müraciət etmək hüququ yoxdur. Çünki şirkətlər kommersiya marağı güdürlər və bu da onlar üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki ARDNŞ faktiki olaraq öz hasilatını dayandıracaq. Bunun Azərbaycana nə xeyri var?”

Hazırda Azərbaycanın dünya neft hasilatında ümumi payı o qədər də yüksək deyil - ölkə sutkada 850 min barrel neft ixrac edir. OPEK ölkələri isə təkcə ötən il 35 milyon barrel neft hasil ediblər.

XS
SM
MD
LG