Accessibility links

İranda daha 5 azərbaycanlı həbs olundu


Qeyri-rəsmi mənbələrin məlumatına görə, 21 Azər hərəkatının ildönümü ilə əlaqədar İran Azərbaycanında yeni həbslər baş verib. “Savalan Səsi” xəbər saytı yerli hüquq müdafiəçilərinə istinadən xəbər verir ki, Qərbi Azərbaycan vilayətinin (Ostan) mərkəzi olan Urmiyada bir neçə azərbaycanlı fəal İranın təhlükəsizlik orqanları tərəfindən nəzarət altına alınıb.

Yerli mənbələrin bildirdiyinə görə, dekabrın 12-də həbs olunan Ulduz və Rəhman Qasimi adlı bacı və qardaşın yaşadığı evə hücum edən Ettelaat əməkdaşları orada axtarış apararaq, komputer, kitab və başqa əşyaları zəbt ediblər. Həbs olunan Qasimilərın isə harada saxlandığı barədə məlumat yoxdur.

Bundan başqa, Səid Mahmudi adlı başqa bir fəalın həbs olunaraq Urmiyanın “Şəhər Çayı” bölgəsində yerləşən Ettelaat İdarəsinə aparıldığı bildirilir.

Ettelaatın mənzilində axtarış apardıqdan sonra nəzarətə aldığı 22 yaşlı Nəvid Sultani adlı azərbaaycanlı gəncin də harada saxlandığı məlum deyil.

Həbs edilən başqa bir fəalın isə 27 yaşlı Tovhid Həsənpur olduğu bildirilir. O, dekabrın əvvəllərində tutulub. “Azad Təbriz” xəbər səhifəsinin məlumatına görə, cənab Həsənpur Urmiyanın “Döqquz Pillə” həbsxanasında saxlanılır. Mənbə məhbusun ailəsinə istinadən Həsənpurun “Pan-türkist” elanlar yaymaqda ittiham olundüğünü bildirir. Bununla yanaşı, Tovhidin yaxınlarına onun həbsi barədə xəbəri mətbuata sızdırmamaq barədə hədələyici xəbərdarlıqlar edilib.

XS
SM
MD
LG