Accessibility links

Corc Buş Azərbaycana ticarət imtiyazları ilə bağlı Konqresə müraciət etdi


ABŞ prezidenti Corc Buş Azərbaycana və Kosovoya ticarət güzəştlərinin edilməsi məqsədilə Koqresə müraciət edib. Ağ Evin yaydığı məlumata görə, prezident Buş Koqresə göndərdiyi məktubda qeyd edib ki, o, Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qərara alıb.

Cənab Buş Baş Preferensiyalar Sistemi çərçivəsində Azərbaycan və Kosovonun «İnkişafda olan ölkələr» kateqoriyasına aid olunmasını zəruri sayıb. Bu proqram 132 ölkədən 5 min adda məhsulun Birləşmiş Ştatlara rüsumsuz gətirilməsini təmin edir.

Yeni proqram Azərbaycana nələr vəd edir və Vaşinqtonun məhz indi Bakıya belə güzəştlər etməq niyyəti hansı zərurətdən irəli gəlir?

“Turan” Agenliyinin İqtisadiyyat Redaksiyasının redaktoru, iqtisad elmləri namizədi Rasim Hüseynov “Amerikanın səsi”nə müsahibəsində bu sualları belə cavablandırıb:

“İndiki vaxtda maliyyə böhranının dərinləşməsi ilə əlaqədar ola bilər ki, müxtəlif öıkələrdə deflyasiya prosesləri getsin və alternativ, yəni daha ucuz malların bazara daxil olmasına səbəb olsun. Azərbaycanla Kosovoya verilən imtiyazlar da bununla bağlı ola bilər. Amma əslində bu, iqtisadiyyatdan daha çox siyasi addıma oxşayır.

Hər halda, görünür, Respublikaçılar partiyası son günlərində Azərbaycana qarşı yumşaq bir addım atmaq istəyir. Onsuz da Azərbaycanın ümumi ixracının 97 faizdən çoxunu neft və neft məhsulları təşkil edir. Qalan 3 faiz civarındakı məhsulların isə böyük bir hissəsi yaxın MDB dövlətləri ilədir – Rusiya, Ukrayna və Orta Asiya ilə. ABŞ-a gəldikdə, Azərbaycanın bu ölkəyə neftdən başqa idxal etdiyi meyvə şirələri və digər kənd təsərrüfatı məhsullarıdır ki, buna da həm yaxın bazarda, həm də öz daxili bazarında kifayət qədər ehtiyacı var.

Digər tərəfdən isə inkişaf etmiş ölkələrin çoxunda qiymətlərin ucuzlaşması prosesi başlayıb. Odur ki, bu qərarın praktiki mənada Azərbaycana hansısa iqtisadi güzəştlər verəcəyini gözləmirəm”.

XS
SM
MD
LG