Accessibility links

Mübariz Qurbanlı: `Azərbaycan MDB-də üzvlüyünü yalnız formal şəkildə saxlayıb`


Avqust ayında Rusiyanın Gürcüstana hücumundan sonra bir sıra ekspertlər güman edirdilər ki, Moskva Qafqazda separatçı bölgələrin tanınmasına nail ola bilməsə də, hər halda, bölğədəki yeni status-kvonu ilk növbədə özünün təsir dairəsində saxladığı MDB ölkələrinə də qəbul etdirə bilər. Amma MDB-nin oktyabr ayında Bişkekdə keçirilən sonuncu sammitinə Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri qatılmadılar.

Bu gün isə MDB-nin yaranmasının 17-ci ildönümüdür. Azərbaycanda bu təşkilatın perspektivi ilə bağlı düşüncələri öyrənmək üçün “Amerikanın səsi” radiosu ölkənin sabiq dövlət müşaviri Vəfa Quluzadəyə və iqtidarda olan Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, millət vəkili Mübariz Qurbanlıya müraciət edib.

Vəfa Quluzadə radioya bunları deyib: “MDB-ni dağıdan birinci Rusiyanın özüdür. Moskvanın MDB çərçivəsində heç bir doğru siyasəti olmayıb. Ona görə də bu 17 ildə MDB dövlətlərinin demək olar ki, hamısı Rusiyadan uzaqlaşaraq, xbu və ya digər formada Qərblə əlaqələr qurmağa nail olublar. ABŞ və Avropanın MDB ölkələrində mövcudiyyəti güclənir. Bu dövlətlərin hamısı NATO-ya can atırlar, Avropa ilə bir sıra proqramlarda iştirak edirlər. Ona görə də artıq MDB adlı bir şey yoxdur. Bu, mifdir və reallığa çevrilə bilmədi. Bu təşkilat həqiqətən ölü doğulmuş bir uşaq idi. İndi MDB-dən çıxmaq istəyən ölkələrin hamısı Rusiyanın Gürcüstana etdiyi vəhşicəsinə hücumunu görüb, bundan qorxurlar. Xüsusilə də Azərbaycan. Bakı qorxur ki, MDB-dən çıxarsa, Rusiya Ermənistana əmr verər ki, müharibəni davam etdirin, sonra da bu müharibəni erməni uniformasında özləri davam etdirsinlər. Azərbaycan da bundan çəkinir. Bizim vəziyyətimiz budur və hələ ki, nə Amerika, nə də Avropa buna fikir verərək, Rusiyaya demir ki, bu məsələni qurtarsın…”

Mübariz Qurbanlının fikirləri: “MDB ölü qurumdur və daxili ziddiyyətlər içindədir. O, cəlbedici qurum deyil. Bu təşkilatdan hamı qaçmaq istəyir, sadəcə onun nüvəsində duran Rusiya buna imkan vermir. Hamı Avropa İttifaqına can atır, amma heç kim MDB-yə can atmır, əksinə qaçmaq istəyirlər. Ona görə də bu qurum özünü doğrulda bilmir. Azərbaycana gəldikdə, necə ki MDB formal fəaliyyət göstərir, biz də orada üzvlüyümüzü yalnız formal şəkildə saxlayırıq. Ancaq MDB-nin daxili problemləri olduqca genişdir və biz onun perspektivinə inanmırıq. Amma MDB kağız üzərində qala bilər”.

XS
SM
MD
LG