Accessibility links

Rəsmi Tehran Təbrizdə azərbaycanca olan elanlara qarşı mübarizə aparacaq


Şərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavininin bildirdiyinə görə, “Fars dilinin əsilliyi və gücünü qorumaq” məqsədi ilə Azərbaycanın Təbriz, Miyana və Marağa və başqa yaşayış məntəqələrində fars dilində olmayan elanlar, lövhələr və reklamlara qarşı mübarizə aparılacaq. “Fars” Xəbər Agentliyinə açıqlamasında Şərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəsmisi Nasir Vəhidi Mehr deyib: “Fars dili iranlıların milli kimliyinin əsası və İslam dünyasının ikinci dilidir”. Onun bildirdiyinə görə, dövlətin “İkinci İnkişaf Planının” 22-ci əlavəsinə görə, ölkədə bütün rəsmi yazışmalar yalnız fars dilində aparılmalı, bütün təşkilatlar, şirkətlər və obyektlərin, eləcə də bütün istehsal məhsullarının reklam və adlarının fars dilində olması təmin olunmalıdır. Hökümət nümayəndəsi qeyd edib ki, 2005-ci ildə qəbul olunan “ əcnəbi adlar və ünvanlardan istifadənin qadağan edilməsi” barədə qanunun bu ildən tam icrasına başlanıb. Mədəniyyət İdarəsinin rəsmisi onu da deyir ki, reklam materialları, dükan adları və bütün məhsulların adlarının farslaşdırılması planının icrasına şəhər bələdiyyələri, polis və “Fars Dili Qurumu” birgə nəzərət edəcək. Nasir Vahidi Mehrin dediyinə görə, hər-hansı sözün əsil fars dilində olub-olmaması ilə bağlı mübahisələr “Fars Dili Qurumu”nun rəyi ilə öz həllini tapacaq. Nəşriyyat və reklam agentliklərinə əcnəbi adlar və sözlərin dərc edilməməsi barədə xəbərdarlıq edilib.
“Fars Dili Qurumu” Fars dilinin Farsca olmayan sözlərdən təmizlənməsinə nəzarət edən dövlət orqanıdır. Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavini onu da etiraf edib ki, indiyədək 200-dən çox dükan və ticarət müəssisəsi adlarını və reklam lövhələrini dəyişdirməyə məcbur edilib.
Müxtəlif mənbələrin bildirdiyinə görə, İran rəsmisi “əcnəbi adlar və sözlərin” dedikdə İranda milyonlarla azərbaycanlının ana dili olan Azərbaycan türkcəsində olan adlar və sözləri nəzərdə tutur. İranın “Şərqi Azərbaycan”, “Qərbi Azərbaycan”, “Ərdəbil”, “Zəncan” və başqa bir neçə viləyətində hətta paytaxt Tehranda yaşayan yerli azərbaycanlılar öz ana dilinə sevgi nümayiş etdirmək məqsədi ilə öz dükan və mağazalarına, şəxsi obyektkərinə, ticarət müəssisələri və şirkətlərinə ana dillərində adlar verirlər. Yerli mənbələrə görə, öz övladlarına öz ana dillərində adlar verən İran azərbaycanlıları bu adların rəsmiləşdirilməsi və qeydiyyatdan keçirilməsi zamanı çox ağır manelərlə üzləşirlər.

XS
SM
MD
LG