Accessibility links

İranda daha 3 azərbaycanlı fəal haqda azadlıqdan məhrum etmə qərarı verilib


İran Azərbaycanından gələn məlumatlara görə, Təbrizin İslam İnqılabı Məhkəməsi 3 azərbaycanlı fəalın azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. “Savalan Səsi” və başqa mənbələrin yaydığı xəbərə əsasən, azərbaycanlıların mədəni haqları uğrunda fəaliyyət göstərən Əli Sədiqi, Həmid Vəhi Rizai və Əkbər Hüseynzadə Təbrizin İslam İnqılabı Məhkəməsinin 2-ci şöbəsi tərəfindən hər biri 1 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər.

Barələrində həbs qərarı çıxarılan fəallar “milli təhlükəsizliyin pozulmasına cəhd”də təqsirli bilinir. Onların 22 may Təbriz Qiyamının ildönümü öncəsi kütləvi etirazlara çağıran disklər, elanlar və çağırış vərəqələri yaydıqları iddia olunur. Yerli mənbələr bildirir ki, qapalı keçirilən məhkəmə iclasında müttəhimlərin evlərindən götürülən komputerlər, şəkilər, kesetlər və elanlar, danılmaz dəlil kimi göstərilib. Məhkəmə qərarlarına etiraz edən azərbaycanlı fəallar vəkil müdafiəsi ilə təmin olunmayıblar.

Təbriz bazarında öz şəxsi biznesi olan Əli Sədiqi və Təbrizin “Məskən Mehr” müəssisəsinin işçisi Həmid Vəhi Rizai bu ilin mayında tutularaq 2 ay müddətinə Ettelaatın qapalı təcridxansında saxlandıqdan sonra zaminə buraxılıblar. Elektronika mühəndisi olan Əkbər Hüseynzadə isə “İran” qəzetinin azərbaycanlıları təhqir edən yazı və karikaturasına qarşı 2006-cı ilin mayında keçirilən kütləvi etirazlar zamanı həbs olunmuş və daha sonra müvəqqəti azadlığa buraxılmışdı. “Amnisty International” daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar, adı çəkilən fəallara, o cümlədən Əli Sədiqiyə saxlandıqları qapalı təcridxanada işgəncə verilməsi ilə bağlı narahatlığını bildirən bəyanatla yaymışdı.
XS
SM
MD
LG