Accessibility links

Rusiya müdafiə naziri Bakıda



Rusiya ilə Azərbaycanın hərbi liderləri ötən gün Bakıda iki ölkənin hərbi əməkdaşlıq yollarını müzakirə ediblər. Yüksək səviyyəli dialoq Rusiya müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana elan olunmamış səfəri çərçivəsində baş tutub.

Rəsmilər müzakirələrin işgüzar xarakteri daşıdığını bildirirlər. Lakin iki müdafiə nazirinin dialoqu Rusiya ilə Azərbaycanın baş hərbi idarələri arasında 2009-cu il üçün Əməkdaşlıq Planının imzalanması ilə yekunlaşıb.

Anatoli Serdyukovun Bakıya səfər proqramının digər detalları barədə məlumat verilmir. Bununla yanaşı dövlət xəbər agentliyi Rusiyanın baş hərbçisinin president İlham Əliyev tərəfindən qəbul olunduğu barədə məlumat yayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu “Amerikanın səsi”nə bunları deyib: “Anatoli Serdyukov Azərbaycana işgüzar səfərə gəlmişdi və iki ölkənin müdafiə nazirləri arasındakı müzakirələr əsasən hərbi əməkdaşlığın perspektivləri barədə idi. Hər il olduğu kimi bu il də 2009-cu il üzrə hərbi-texniki əməkdaşlıq planı imzalandı. Burada əsasən təhsil və texniki əməkdaşlıq nəzərdə tutulur. Azərbaycan müstəqil dövlətdir. Bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də müstəqil siyasət yürüdür. Yəni bu sahədə də bizim Rusiyadan bir asılılığımız yoxdur və buna ehtiyac da yoxdur”.

Rusiya mənbələri isə müdafiə naziri Anatolu Serdyukovun Azərbaycan rəhbərliyi ilə hərbi-texniki əməkdaşlıqla yanaşı, habelə avqust ayında Gürcüstanda baş vermiş müharibə və digər məsələləri müzakirə etdiyini bildirirlər.

Ümimilikdə Rusiya ilə Azərbaycan arasında hərbi sahədə problemlər haqda danışanda Moskvadakı müşahidəçilər ilk növbədə Bakının Moskvayla Yerevan arasında sıx hərbi əməkdaşlıqdan narazı olduğunu qeyd edirlər.

Son zamanlar isə bu problem daha da qabarıb, belə ki, Azərbaycan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana ucuz silahlar satmasından narahatlığını bildirir.

Moskvalı hərbi şərhçi Aleksandr Qolts “Amerikanın səsi”nə deyib ki, bu, problemdir və indi Rusiya Azərbaycanın narahatlıqlarını aradan götürmək üçün müəyyən təminatlar verməyə çalışacaq:

"Xüsusilə də avqust ayında Gürcüstandakı münaqişənin fonunda nəzər saldıqda, bu məsələ doğrudan da Bakı - Moskva münasibətlərində ağrılı məqamdır. Ancaq Rusiyanın məsələn, ötən il Gürcüstandan çıxardığı silahların bir hissəsinin Ermənistandakı bazasına keçirilməsindən başqa bir yolu yox idi. Ona görə ki, necə deyərlər ikinci əldən işlənən bu silahları Rusiyaya daşımaq həm bahadır, həm də mənasızdır. Həm də axı Rusiya özü hərbi infrastrukturunu genişləndirir – bu daim yeniləşən sahədir. Ona görə də indi Moskva Bakıya belə bir təminat verə bilər ki, hərbi müttəfiqi Ermənistana satdığı silahlar qətiyyən Qarabağdakı ermənilərə verilməyəcək”.

Düzdür, Rusiya eksperti onu da ehtimal edir ki, Ermənistanla hərbi əməkdaşlıqdan Rusiya Azərbaycana bir təsir vasitəsi kimi də istifadə edə bilər.

Belə ki, Moskvada Bakının son zamanlar NATO-la əməkdaşlığının dərinləşməsindən narahatdılar və bir təyziq aləti kimi Ermənistanla daha sıx hərbi əlaqələrdən istifadə oluna bilər. Ekspert bu məsələlərin iki ölkənin hərbi rəhbərləri arasında müzakirə olunduğunu istisna etmir.

XS
SM
MD
LG