Accessibility links

Zöhrab İsmayılov: `Azərbaycanı Misirə bənzədəcəklər…`


Azərbaycan gələcəkdə OPEK-ə üzv olmaq marağındadır. Bunu ölkənin Sənaye və Energetika naziri Natiq Əliyev bəyan edib. Düzdür, nazir onu da deyir ki, hələlik təşkilata üzvlük üçün Bakı rəsmi dəvət almayıb. Ancaq bu yaxınlarda OPEK-in Əlcəzairdə keçirilən konfransında Azərbaycan təmsil olunub və qurumun neft hasilatını azaltmaq barədə qərarına da dəstək verib. Ölkənin müstəqil iqtisadçıları isə Bakının bu qərarlarını Qərbmeylli enerji kursundan imtina kimi qiymətləndirirlər.

Enerji rəsmilərinin dediyinə görə, OPEK-lə yaxından əməkdaşlıq və bu təşkilata inteqrasiya ona görə mühümdür ki, dünyada baş verən iqisadi və maliyyə böhranı neft bazarında böyük qalmaqal yaradıb. Neftin qiyməti sürətlə aşağı düşür. Bu da şübhəsiz ki, həm iqtisadiyyatı inkişaf edən, həm də neft istehsal edən ölkələri narahat edib.

Belə nəticəyə gəlmək olar ki, neft istehsal edən ölkələr böyük gəlirlərini itiriblər. Bu da Azərbaycan rəsmilərinin təbirincə, gələcəkdə və indi çox bəlalar gətirə bilər.

Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, neftin qiymətinin aşağı düşməsi qlobal səviyyədə bütün investisiyaları dondurub.

Azərbaycana gəldikdə, nazir deyir ki, son zamanlar ölkədə neft sənayesi sürətlə inkişaf edir. Neft aləmi isə bunu izləyir və Azərbaycana böyük maraq var. Buna görə də Natiq Əliyevin fikrincə, gələcəkdə OPEK-ə inteqrasiya Bakıya böyük dividentlər verərdi.

Nazir bir daha vurğulayıb ki, Azərbaycan hələlik OPEK-ə üzvlüklə bağlı rəsmi dəvət almayıb, sadəcə son sammitdə belə bir fikir səslənib, amma Bakı bu qurumun iclaslarında iştirakda maraqlıdır. Belə ki, hazırda təşkilat daxilində təhlillər aparılır ki, investisiyalar hansı ölkələrdə daha əlverişlidir, neft ehtiyatları dünyada necə bölünür, neçə il çatacaq və s. Onlar üzv ölkələr arasında bu informasiyaları bölüşürlər və təşkilata qatılmaqla Bakı bu mənbələrə çıxış əldə edə bilər.

Hərçənd, müstəqil iqtisadi ekspertlər hesab edirlər ki, qeyri-OPEK ölkələrində neftin istehsalı onsuz da düşür və bu ölkələrin rəhbərləri yataqların köhnəlməsi və investisiyaların kəsilməsi faktlarını OPEK-ə dəstəklə pərdələyirlər.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılov hesab edir ki, OPEK-ə üz tutmaqla Azərbaycan əslində, qərbmeylli enerji kursundan imtina niyyətini ortaya qoyur. Ekspertə görə, o da mümkündür ki, Bakı bu məsələ ilə siyasi spekulyasiya etmək istəyir: “OPEK əsasən qeyri demokratik Ərəb dövlətlərindən təşkil olunub və Azərbaycan da bura üzv olmaqla Qərbə göstərmək istəyir ki, o ən yaxşı halda özündə Ərəb dövlətlərinin modelini tətbiq edə bilər. Bu təşkilata üzv olsa Azərbaycanı Səudiyyə Ərəbistanına, ən yaxşı halda Misirə bənzədəcəklər…”

Yanvarın 19-da OPEK-ə üzv ölkələr yenidən toplaşacaqlar. Natiq Əliyev deyir ki, hələlik Azərbaycan növbəti dəvət almayıb. Nazir OPEK-in neft hasilatını azaltmaq qərarının əks effekt verməsi barədə mülahizələri bölüşməyib, belə ki, onun fikrincə bu, vaxt tələb edən məsələdir. “Amerikanın səsi”nin suallarına cavabda Natiq Əliyev qaz qiymətlərindən də danışıb. O deyib ki, bu, neft qiymətlərinə bağlıdır.
XS
SM
MD
LG