Accessibility links

Piter Semnebi:  `Sanki soyuq müharibə dövrünün radio dinləmək üsuluna qayıdırıq`


Avropa Birliyi bəyan edir ki, xarici radio stansiyaların yayımı məsələsi İttifaqın Azərbaycanla münasibətləri üçün xüsusi önəm kəsb edir. Bu gün yayılan bəyanatda Birlik yetkililəri təşkilatın təzəlikcə irəli sürdüyü "Şərqi Avropa Tərəfdaşlıq" proqramını Azərbaycanın yadına salırlar. Bu təşəbbüs Avropa İttifaqı ilə Azərbaycan və digər 5 ölkə arasında daha sıx demokratik, siyasi və iqtisadi əlaqələri nəzərdə tutur.

Amma indi Birlik rəsmiləri sual verirlər ki, xarici radio dalğaları kəsmək istəyən bir ölkədə hansı demokratiyadan danışmaq olar. Kristian Hohman Avropa Komissiyasının sözçüsüdür:

“Çox qəribədir, cəmi bir ay əvvəl biz Şərqi Avropa Tərəfdaşlıq Proqramı təklifi ilə çıxış etmişdik. Bu təklif Avropa İttifaqı ilə Azərbaycan və digərləri arasında daha sıx siyasi və iqtisadi əlaqələri nəzərdə tutur və münasibətlərimizin tarixinə əsaslanır. Biz əvvəllər də Azərbaycanda hakimiyyətdə oturanlara eşitdirmişik ki, əməkdaşlıq həmişə ümumi dəyərlərə əsaslanmalıdır. Bunların sırasına demokratiya, qanunun aliliyi, insan haqlarına hörmət və təbii ki, söz və mətbuat azadlığı daxildir. Müstəqil və dinamik yayımı ilə «Azadlıq», «Amerikanın səsi» və BBC radioları Azərbaycanın inkişafında mühüm rol oynayır. Avropa Birliyi açıq və məlumatlı cəmiyyətlərin formalaşmasına yardım etməlidir”.

Avropa rəsmisi onu da yada salır ki, Azərbaycan rəsmiləri bir çox hallarda ziddiyyətli siyasi qərarları barədə suallara cavabda ölkənini iqtisadi inkişafına istinad edirlər. Lakin bu inkişafın Azərbaycana axmaqda olan neft dollarları əsasında baş verdiyi sir deyil.

Komissiya rəsmisi xatırladır ki, bu yaxınlarda Avropa Birliyi məhz ilham Əliyev hökumətinin demokratik islahatlara yönəlik vədlərini nəzərə alaraq, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə qarşıdakı iki ildə Ümumi İmtiyazlar Sistemi planı çərçivəsində də xüsusi ticarət üstünlükləri vermək qərarına gəlib.

Onun sözlərinə görə, radioların susdurulması kimi təşəbbüslər qarşılıqlı etmadı azaldır və bu tip proqramların əhəmiyyətini də şübhə altına salır. Buna görə də Avrokomissiyanın sözçüsü Azərbaycana radiolarla bağlı qərara yenidən baxmağı tövsiyyə edir.

Bu yaxınlarda Bakıdan səfərdən qayıtmış Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini isə deyir ki, “xarici radioyayımlara qısa dalğaların təklif olunması sanki Soyuq Müharibə dövrünün radioya qulaq asmaq üslubuna qayıdışdır. Bu isə 21-ci əsr üçün təssüfedicidir”.

Öz növbəsində Azərbaycan hökuməti deyib ki, xarici radioların FM tezliyindən çıxarılması yerli qanunlara müvafiqdir. Və bu qanunlar da öz növbəsində Avropa ölkələrinin qanunlarına uyğunlaşdırılıb.

Avropa rəsmisi bir daha vurğuladı ki, Birlik Cənubi Qafqaz ölkələri ilə daha sıx münasibətlərin qurulmasında maraqlıdır.

XS
SM
MD
LG