Accessibility links

Hikmət Hacızadə: `Azərbaycan Özbəkistanın yolu ilə gedir`


“Bu günə qədər Azərbaycan hökumətindən öz xalqına qarşı çox addımlar görmüşük. Bu da onun bir gülü...”. Bunu «Far» Mərkəzinin rəhbəri, “Demokratiya: Gediləsi uzun bir yol” kitabının müəllifi Hikmət Hacızadə Amerikanın səsi radiosunda təşkil olunan dəyirmi masada Azərbaycanda xarici radioyayımlarla bağlı son qərarı şəhr edərkən deyib.

Cənab Hacızadə diqqəti ona yönəldib ki, Amerikanın səsi, Azadlıq və BBC radioları son illər Azərbaycanda plüralizmin inkişafında xidmətlər göstəriblər, bu mənbələrin kəsilməsi isə ölkə vətəndaşlarının alternativ xəbərə çıxışını məhdudlaşdırıb.

Ekspertə görə, xarici radioları FM dalğasından uzaqlaşdırmaqla Azərbaycan hökuməti habelə illərdir ki, bəyan etdiyi Avro-inteqrasiya siyasi kursundan imtina niyyətini ortaya qoyub: “Deyəsən indi də Azərbaycan Afro-inteqrasiyaya, ən yaxşı halda Özbəkistanın yolu ilə gedir”.

Hikmət Hacızadə radiolarla bağlı qəbul olunmuş qərara görə Qərb institutlarını də günahlandırır, belə ki, onlar son illər Azərbaycan hakimiyyətinin addımlarına praqmatik yanaşıblar: “Seçkilər saxtalaşdırılır, insanların hüquqları pozulur, amma Qərb təbrik edir, səfərə çağırır və hətta orden də verir. Yəqin ki, Azərbaycan rəsmiləri də bunu belə başa düşüblər ki, demokratiya boş bir teatrdır”.

Dəyirmi masanın digər iştirakçıları -Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda xarici radioyayımlarla bağlı qəbul olunmuş qərarı pisləyiblər.

Mehman Əliyev deyib ki, artıq yanvarın 1-dən etibarən ölkə vətəndaşlarının böyük hissəsi alternativ xəbərdən məhrum olub. Belə ki, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı yarım milyon civarındadır və onların da əksəriyyətinin radio proqramları dinlənmək imkanı məhduddur, çünki internetin sürəti olduqca zəifdir.

Dəyirmi masaya qoşulan filosof Ağalar Məmmədov isə Amerikanın səsi, BBC və Azadlıq radiolarının Azərbaycanın FM dalğasından çıxarılmasını “plüralizm və söz azadlığına qarşı növbəti terakt” adlandırıb: “Mən bu hadisəni jurnalist Elmar Hüseynovun qətli və akademik Ziya Bünyadovun öldürülməsi ilə eyniləşdirirəm”.


XS
SM
MD
LG