Accessibility links

Sinan Oğan: `Ankara Bakıdan əlavə qaz istəyəcək`


“Ukrayna ilə Rusiya arasındakı qaz probleminə adi qaz böhranı kimi baxmaq düzgün deyil. Bu, sırf siyasi məsələdir”. Bunu Amerikanın səsinə müsahibəsində Ankarada yerləşən “Türksam” Siyasi Araşdırmalar Mərkəzinin başçısı Sinan Oğan deyib.

Cənab Oğan bəyan edib ki, problemin məğzi qərbmeylli Yuşşenko hökuməti ilə Ukraynaya nəzarətini bərpa etmək istəyən Rusiya arasındakı ixtilafdır: “Ona görə də bu böhranın qısa müddətdə həlli inandırıcı deyil”.

Politoloq diqqəti buna yönəldib ki, yaranmış qaz böhranı Türkiyəni də narahat edir, belə ki, bu ölkəyə Rusiyadan 2 ayrı xətt üzrə qaz gəlir: Qara dənizin altından keçən Mavi Axın xətti və Ukrayna-Bolqarıstan marşrutu ilə. Sonuncu xətlə qazın nəqlini bu gün səhər kəsiblər.

“Türkiyənin qış ayında bu qaza çox ehtiyacı var idi. Buna görə də Ankara alternativ vasitələr axtarışına başlayıb. Bir tərəfdən, Mavi Axınla qazın tədarükü artlırıldı, o biri yandan da İrandan gələn qazın artırılnmasına qərar verildi. Amma hər il oloduğu kimi, bu il də İranın özünün qış aylarında qaza tələbatı artıb. Türkiyənin başqa alternativi də var – bu da Azərbaycan qazıdır. Ankara Bakıdan əlavə olaraq Şahdəniz qazının nəqlinin artırılmasını istəyəcək”, - deyə ekspert vurğulayıb.

Cənab Oğan habelə bildirib ki, son hadisələr Avropanın qaz konserpsiyasının düzgün olmadığını ortaya qoydu: “Avropa Birliyi vaxtında Nabukkonu dəstəkləsəydi, indi Rusiyadan bu qədər asılı olmazdı. Avropa Birliyi sözdə Nabukkonu dəstəkləyir, amma ayrı-ayrı Avropa ölkələri Rusiya ilə yeni anlaşmalar imzalamaq üçün növbəyə düzülürlər”.

Ekspertə görə, Avropa Birliyi vaxt itirmədən özünün enerji təhlükəsizliyini yenidən müzakirəyə çıxarmalıdır. Əks halda, vəziyyət daha da pisləşəcək.


XS
SM
MD
LG