Accessibility links

Həmas İran əlaqələri


Mötədil ərəb dövlətləri Qəzza zolağında münaqişəni müzakirə etdiyi vaxt Həmasla İran arasında əlaqələrlə bağlı mübahisələr güclənir. ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedli bu gün Vaşinqtonda çıxışı zamanı İranı Barak Obamanın hakimiyyətə gələcək yeni administrasiyası üçün Yaxın Şərqdə ən böyük problem kimi göstərib. Təhliçilər İran və Həmas arasında əlaqələrin olduğuna inanır, lakin bu əlaqələrin təbiəti və dərinliyi məsələsində onlar arasında fikir ayrılığı mövcuddur.

İsrail uzun müddətdir Tehranın Livanda Hizbullahı dəstəklədiyi kimi, Həmasın arxasında da İranın durduğunu bəyan edir. Lakin bu iddialara münasibət birmənalı deyil.

Kembric universitetində Yaxın Şərq üzrə ekspert Corc Coufi İranın İsrailin yaratdığı kordonu keçərək Həmasa silah çatdırdığına dair iddianı rədd edir. “İranın belə əlaqələri necə yarada bildiyini başa düşə bilmirəm. Hətta işğal olunmuş ərazilərin daxilində belə, bu əlaqələrin mövcudluğu şübhə doğurur. Onlar Yaxın Şərqin qalan hissələrindən əslində tam təcrid olunublar. Buna görə də, sadə məntiqə görə, mənə elə gəlir ki, belə əlaqələr mövcud ola bilməz.”

Lakin Stratfordda özəl kəşfiyyat şirkətindəYaxın Şərq üzrə təhlilçi Reva Bhallanın sözlərinə görə, İran Hizbullahın çox yaxşı inkişaf etdirilmiş qaçaqmalçı şəbəkəsi vasitəsilə Həmasa silah çatdırır. “Əslində, Sudan vasitəsilə silah keçirə bilən çox sayda Hizbullah agenti var. Onlar sünni adlar altında Misrə daxil olur, Sinayda bədəvilərə yüngül silah, nağd pul, Livandan qəşiş verirlər ki, onları qara bazarda sata bilsinlər, sonra misirli mühafizəçilərə pul verirlər və beləliklə də Həmasın yeraltı tunel şəbəkəsi vasitəsilə silah partiyalarını keçirmək üçün Qəzzaya daxil olurlar.”

Lakin təhlilçilərin çoxu inanır ki, İran Həması silahlandırsa da, bunun Tehran üçün İsrailə çətinlik yaratmaqdan başqa artıq xeyri yoxdur. Onlar deyir ki, İran islam dünyasında özünü lider kimi göstərmək istədyi bir vaxt Qəzzada münaqişədən siyasi baxımdan xal qazanmaq istəyir.

Təhlilçi Reva Bhella deyir ki, İran mötədil ərəb dövlətlərini çətin vəziyyətə qoymaqla, özünün regionda mövqeyini gücləndirmək istəyir. “Bu, əslində İranı ərəb rejimlərindən kənarda saxlayır. Nəzərə alın ki, bu məsələdə ən çox susan ərəb rejimləridir. Çoxları Həmasın qarşısının alınmasına sevinir və fələstinlilərin İsrail tərəfindən cəzalandırılmasına əhəmiyyət vermir. Bu, ərəb şəhərlərinin küçələrində eşitdiklərinizlə bu rejimlərin apardığı söhbətlər arasında mövcud ziddiyyətdir. İran da bundan istifadə etməyə çalışır.”

Burada İranda daxili siyasi vəziyyət də nəzərə alına bilər. İsraili təhdid etdiyinə görə tez-tez tənqid olunan İran prezidenti Mahmud Əhmədinejad iyun ayında yenidən seçkilərə qatılacaq. Kembric universitetindən Corc Coufinin sözlərinə görə, Həmasa dəstək verməklə, İranda sərt xətt tərəfdarları özlərini müsəlmanların müdafiəçiləri kimi göstərməyə cəhd edirlər. "Fələstin məsələsi İranın daxilində olduqca böyük əhəmiyyətə malikdir. Buna şübhə yoxdur. Buna görə də, təbii ki, Yaxın Şərqdə baş verənlər daxildə seçkilərdə özünü göstərəcək.”

Sirakuz universitetində Yaxın Şərq üzrə təhlilçi Mehrzad Burucerdinin fkrincəi, İranda iqtisadi durum pis olduğu bir zaman Həmasa dəstək səsləri qazanmaq üçün lazım ola bilər.

Bütün bunlarla yanaşı, İranın dövlət xəbər agentliyi 70 min tələbənin Qəzzada İsrail ordusuna qarşı əməliyyatlarda könüllü şəkildə intiharçı olmaq istədiyini haqda xəbər verib.

XS
SM
MD
LG