Accessibility links

Rəşid Hacılı: 'Hüquq müdafiəçiləri İranda informasiya kanalları əldə etməyə çalışmalıdır'


Məlum olduğu kimi son zamanlar İran Azərbaycanında jurnalistlərin həbs olunması və mətbuat orqanlarının nəşrinə qadağa qoyulması kütləvi hal alıb. Bir çox beynəlxalq təşkilatlar İran hökumətinin bu addımını söz azadlığının pozulması kimi qiymətləndirir. Azərbaycanda Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, İranda informasiya mənbələrinin az olması bəyanatların hazırlanmasına çətinliklər yaradır. İran Azərbaycanda keçən il mətbuat azadlığının durumuna dair Rəşid Hacılı ilə müsahibəni təqdim edirik.

Sual: İranda ötən il mətbuatın vəziyyətini necə qiymətləndirərdiniz? Mətbuat sahəsində vəziyyət ağırlaşmaqda davam edir, yoxsa yeni liberal dəyişikliklər yaranıb?

Cavab: İrandan olan informasiya çox azdır. Bunun özü göstərir ki, İranda informasiya azadlığı və mətbuat azadlığı nə dərəcədədir. İkincisi isə İranda xüsusilə, son dövrlərdə baş verən proseslər – etiraz prosesləri, milli oyanış hərəkatının güclənməsi və s. bu məsələlərlə bağlı informasiyaların mediada daha geniş yer alması təşəbbüsü yaradır. Bu təşəbbüsün də qarşısını almaq istəyən hökumət mətbuat üzərinə hücuma keçir və jurnalistləri təzyiqlər altında saxlayır ki, mediada bu cür yazılar və müzakirələr getməsin. Xüsusilə iki il bundan qabaq bir qəzetdə azərbaycanlıları təhqir edən karikaturanın getməsi və bununla bağlı çox ciddi etiraz dalğalarının baş qaldırması və bunun nəticəsində media üzərinə çox ciddi hücumların baş verməsi halları nümunə ola bilər.

Sual: Bu il eyni zamanda ilk dəfə olaraq beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən, “Amnesty International” İranda xüsusilə də Azərbaycan dilli jurnalistlərin həbsi ilə bağlı bəyanatlar yayıblar və onları vicdan məhbusu adlandırıblar. Sizin münasibətiniz necədir? Bu jurnalistlərin həbsi Azərbaycan Respublikasındakı jurnalist təşkilatları tərəfindən necə qarşılanır?

Cavab: Hər hansı bir jurnalistin həbs edilməsi göstərir ki, burada söz azadlığı yoxdur və sözə görə şəxsin həbs olunması xüsusilə də bir və ya bir qrup şəxsin hüquqlarının müdafiəsi ilə bağlı dediyi sözə görə saxlanması İranda çox böyük problemdən və təhlükədən xəbəb verir. Hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə təşkilatları da bunu etməlidirlər. Bu yaxınlarda Avro-inteqrasiya Milli İctimai Komitəsi İranda azərbaycanlıların hüquq müdafiəçilərinin təzyiqlərlə üzləşməsi və həbsxanalara atılması bağlı bəyanat da vermişdi. Amma yenə də qeyd olundu ki, bu informasiya azdır və hüquq müdafiə təşkilatları orada informasiya kanalları əldə etməyə çalışmalıdır. Yəni oradakı soydaşlarımızla əlaqə quraraq daimi olaraq onlardan yerindən obyektiv informasiya almağa çalışmalıyıq. Yalnız bundan sonra bizim bəyanatlarımız daha kəsərli ola bilər.

Sual: İranda jurnalist Şahnaz Qulaminin həbsi geniş beynəlxalq rezonans doğurub. O cümlədən Azərbaycanın bir sıra hüquq müdafiə təşkilatları, siyasi partiyalar, jurnalist təşkilatları onun dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlar yayıblar. Sizcə bir yazıya görə jurnalist həbs edilərmi?

Cavab: Yəqin ki, onun həbs olunması bəhanəsi bir yazıya görə olub. Mən bildiyimə görə, bu yazıda həlak olmuş 3 fəalın İranın xüsusi xidmət orqanları tərəfindən öldürülməsi ilə bağlı fikir irəli sürülüb. Bu sadəcə olaraq jurnalistin bir versiyası olub və bu versiyanı öz bloqunda yayıb. Buna görə də, o, həbsə alınıb və yaxın zamanda onu ən azı 6 ay həbs cəzası gözləyir. Jurnalistin müəyyən baş vermiş hadisə ilə bağlı öz versiyasını irəli sürməsi və buna görə həbs olunması çox ciddi şəkildə söz azadlığının məhdudlaşdırılmasının göstəricidir. Sözsüz ki, bunu pisləmək lazımdır və fikrimcə İran hökumətinə bu məsələlərlə bağlı çox ciddi təzyiqlər göstərilməlidir ki, o, belə vicdan məhbuslarının tezliklə azadlığa buraxılması ilə bağlı tədbirlər görsün.

Sual: İranda mətbuat azadlığı ilə bağlı vəziyyətdən çıxışı nədə görürsünüz? Ümumiyyətlə hökumət, beynəlxalq və Azərbacyan ictimaiyyəti hansı tədbirlərə əl atmalıdır ki, burada mətbuata münasibət bir qədər liberallaşsın.

Cavab: İrana təsir etmə yolları o qədər də geniş deyil. İran bir qapalı ölkədir. Demək olar ki, özünü bütün dünyadan təcrid etmə yolunu tutub və hamıya qarşı mübarizə aparır. O baxımdan bir qədər çətindir. Ancaq birinci borcumuz orada baş verənlərdən xəbər tutmaq, ən azından oradakı hadisələri ictimaiyyətə çatdırmaq və orada belə problemlərlə üzləşmiş şəxslərin dəstək və ya müdafiə imkanları almasınına kömək etməkdir. Bunun üçün həm hökumət, həm vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Məsələn Azərbaycanda QHT-lərin bir şurası var və bilirsiniz ki, təşkilat əsasən qrantları bölüşdürür. Hesab edirəm ki, bu məsələ həm də onların strategiyasına daxil edilməlidir və onlar İranda söz azadlığının, ümumiyyətlə insan hüquqlarının müdafiə sahəsində layihələrin həyata keçirilməsini maliyyələşdirməlidirlər. Bu qeyri-hökumət sektorunda xüsusi təşkilatların yaranmasına imkan verəcək və onlar İrandakı məsələlərlə bağlı informasiya alıb, peşəkar bir işlə məşğul ola biləcəklər.
XS
SM
MD
LG