Accessibility links

Şahnaz Qulami xəstəxanaya düşüb


İrandakı mənbələrin verdiyi məlumata görə, Təbriz həbsxanasında cinayətkarla birlikdə saxlanmasına və ümumiyyətlə qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq edən azərbaycanlı fəal Şahnaz Qulami huşunu itirərək, Təbriz həbsxanasının xəstəxanasına köçürülüb. Deyilənlərə görə, qadın jurnalist həkimlərin yardımından sonra ayılsa da onun sağlıq durumu hələ də ağır olaraq qalır. Cinayət Məcəlləsinin “İran dövlətinə qarşı təbliğat” maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulaminin Təbriz həbsxanasında təhlükəli cinayətkar və əxlaqsız qadınlarla birlikdə saxlandığı, onun ilkin imkanlarla, o cümlədən yorğan-döşəklə təmin edilmədiyi bildirilir. Deyildiyinə görə, azərbaycanlı jurnalist rütubətli və soyuq beton üzərində gecələməyə məcbur edildiyindən bel ağrılarından əziyyət çəkir. Şahnaz xanımın həbsindən sonra isə onun xəstə və yardıma möhtac olan anası, eləcə də atasını itirmiş 9 yaşlı qızının tam baxımsız vəziyyətdə qaldığı bildirilir. Xanım Qulamı təxminən 3 ay öncə azərbaycanlı fəalların şübhəli maşın qəzaları nəticəsində ölümü barədə yazılarından sonra həbs olunub. O, daha öncə də 2006-cı ilin May Üsyanları zamanı həbs olunmuş bir neçə həftə saxlandıqdan sonra zaminə buraxılmışdı.
Bu arada, Ərdəbilli fəal Hüseyn Hüseyni həbsindən az qala 2 ay keçdiyi bir vaxtda, ilk dəfə olaraq ailəsi ilə telefon əlaqəsi yarada bilib. 2 ay öncə Tehranda Səttarxanın anım mərasimində Tehranın Rəcai Universitetinin müəllimi Abdulla Abbasi ilə birlikdə həbs olunan cənab Hüseyni saxlandığı Tehranın “Evin” həbsxanasının 209 saylı qapalı təcridxanasından evlərinə zəng edərək, 5 qəqiqədən az bir müddətə valideynləri ilə danışa bilib. Ettelaatın nəzarət etdiyi qısa telefon söhbəti zamanı, o yalnız saxlandığı həbsxana şəraitinin ürəkaçan olmadığını dilə gətirə bilib. Hazırda həbsdə olan cənab Hüseyni Ərdəbilin Razi Məktəbinin müəllimi olub. İrandakı azərbaycanlıların milli hüquqları uğrunda fəaliyyətlərinə görə o, bundan öncə də bir neçə dəfə həbs olunub.

XS
SM
MD
LG