Accessibility links

Freedom House hesabatına aydınlıq gətirdi


Azərbaycan hökumətinin xarici radioların yerli dalğada yayımının dayandırılması barədə qərarı ölkənin beynəlxalq nüfuzuna xələl gətirdi. Bunu Freedom House təşkilatının araşdırmalar direktoru Kristofer Volker Amerikanın səsinə müsahibəsində qurumun 2008-ci ildə dünyada insan azadlıqlarının vəziyyəti barədə yaydığı hesabatın Azərbaycanla bağlı hissəsini şərh edərkən deyib.

Cənab Volker fikrini belə davam etdirib: "Bu qərar ölkə ilə bağlı bir çox ümidləri də puça çıxardı. Əslində biz hesabatımızda yalnız hadisələrin xülasəsinə əsaslanmırıq, ancaq bu il Bakıdan gələn xəbərlər olduqca qaranlıq mənzərə yaradır. Əvvəl referendum məsələri, sonra radiolarla bağlı qərar... Məncə, bütün bu hadisələr arasında bir bağlılıq var. Belə ki, bütün bunlar ölkədəki siyasi sistemi və siyasətçiləri adi insanlar qarşısında cavabdehlikdən uzaqlaşdırmağa hesablanıb".

Bu ilki hesabatda mübahisə doğuracaq məsələlərdən biri də sənədə ayrıca bənd qismində, münaqişəli ərazilərin daxil edilməsidir. Hesabat müəllifləri Azərbaycanı qeyri-azad ölkə hesab etdikləri halda, onun Dağlıq Qarabağ ərazisini "qismən azad" kimi göstəriblər. Halbuki, bu siyahıya daxil olunmuş münaqişəli ərazilərin əksəriyyəti azad olmayan statusa malikdirlər.

Cənab Volker Dağlıq Qarabağla Azərbaycanın digər əraziləri arasındakı uyğunsuzluğu belə şərh etdi:

"Bu, əslində insan haqları və azadlığın texniki hesablanması nəticəsində baş verib. Daha əvvəl dediyim kimi, biz yalnız xronologiyaya əsaslanmırıq. Rəqəmlərə baxsaq görərik ki, Dağlıq Qarabağın Azərbaycandan fərqli olaraq, qeyri-azad ərazilərdən kənarda qalmasına səbəb onun cəmi 1-2 balla fərqlənməsi olub. Yəni göstəricilər o qədər də uzaq deyil...

Mən məsələnin siyasi tərəfilə o qədər də maraqlanmıram. Ancaq etiraf olunmalıdır ki, Qarabağ ərazisində yaşayan insanların oradakı mövcud inzibati strukturlarla mövcud əlaqəsinin bənzərinə Bakıda rast gəlməz olmaz. Bakıdakı siyasi hakimiyyət get-gedə vətəndaşlar üçün əlçatmaza çevrilir. Siz mənə prezident Əliyevin son illərdə yerli jurnalistlər üçün mətbuat konfransı keçirdiyini xatırlada bilərsinizmi? Və yaxud da insanların dövlət idarələri qarşısında növbəyə düzüldükləri barədə mənzərəyə azmı rast gəlmişik?

Bəli, etiraf edirəm ki, biz əvvəlki illərdə bu məsələyə daha həssas yanaşırdıq. Ancaq fakt budur ki, siyasi problemdən asılı olmayaraq, biz Qarabağdakı yurisdiksiya baxımından qiymətləndirmə aparırıq. Əlbəttə, burada bölğənin Azərbaycan əhalisinin də vəziyyətinə diqqət yetirilməlidir. Yəni, bu mənada siz haqlısınız. Tamamilə doğrudur...".

XS
SM
MD
LG