Accessibility links

Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`


Mərkəzi Nyu Yorkda yerləşən Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı dünyada insan haqlarının vəziyyəti barədə növbəti illik hesabatını açıqlayıb. Bu ilki hesabatda da Azərbaycan kəskin tənqid olunur.

«Dünya hesabatı 2009» adlanan sənədin giriş hissəsində dünyada insan haqlarına və demokratiyaya münasibətin pisləşdiyi, Qərb demokratiyasının, xüsusilə də ABŞ-ın bu sahədə dünyaya təsirinin azaldığı qeyd edilir.

Təşkilatın əsas diqqət ayırdığı məsələ «Demokratiya maskası altında diktatorlar»ın Qərbin loyal mövqeyi ucbatından öz yerlərində möhkəmlənə bilməsidir.

Hesabatda bildirilir ki, bir sıra diktator ölkələrin zahirdə özlərini demokrat kimi qələmə verməsi ABŞ və digər Qərb ölkələrinin həmin diktator rejimlər qarşısında laqeyd mövqedən çıxış etməsinə, nəticədə isə bu rejimlərin gündən-günə güclənərək, öz vətəndaşlarına qarşı daha sərt mövqe tutmasına səbəb olur.

Hesabatda həmçinin bildirilir ki, hazırda dünyanın onlarla ölkəsində, o cümlədən də, İran, Pakistan, Rusiya, Şimali Koreya, Liviya Nigeriya kimi ölkələrdə insan hüquqları mütəmadi olaraq çox kobud şəkildə pozulmaqdadır.

Təşkilatın rəhbəri Kennet Rot deyir ki, dünyada insan haqlarının müdafiəsiz qalması bir çox bölgələrdə hakimiyyətlərin öz ömürlərini uzada bilmək üçün daha ciddi zorakılıqlara əl atmasına yol açıb…

Cənab Rot deyir ki, hökümətlər həm halqarı, həm də beynəlxlaq cəmiyyət qarşısında özlərini cavabdeh hissetmədiklərinə görə, insan haqlarını boğur, bu sahədə istənilən müdafə tədbirlərinə mane olurlar…

Human Rights Watchın hesabatının Azərbaycana aid hissəsində deyilir ki, əvvəlki kimi polisdə işgəncələr, siyasi motivlərlə, həbslər olub. Media azadlığı sahəsində vəziyyət nəinki yaxşılaşmayıb, hətta daha da pisləşib. Jurnalistlərin həbs və təqib olunması davam edib. Beynəlxalq birliyin bir sıra subyektləri Azərbaycanı insan haqlarının pozulmasına görə açıq şəkildə tənqid edib.
«Dünya hesabatı 2009»da yazılana görə, ötən il ümimiyyətlə, Azərbaycanda əvvəlki kimi işgəncələrin geniş yayıldığı il olub. Hesabatda müstəqil fikir adamlarınının döyülməsi, həbs olunması, qəzetlərin fəaliyyətinin dayandırılması faktlarına xüsusi yer ayrılır.

Human Rights Watch Azərbaycanda müstəqil medianın boğulduğunu, fəaliyyətdə olan telekanalların hökumətyönümlü televiziyalardan fərqlənmədiyini, eyni zamanda onların hakimiyyəti çox tənqid edəcəyi təqdirdə bağlanmaq təhlükəsi ilə üzləşə biləcəyini qeyd edir.
Daha sonra hesabatda ötən ilin sonunda Milli Teleradio Şurasının Amerikanın səsi Azadlıq və BBC radio proqramlarının FM vasitəsilə yayımının dayandırılması barədə söz açılır. Human Rights Watch hesab edir ki, xarici radiostansiyaların FM tezliyindən çıxarılması ciddi səhvdir.

Bu ilki hesabatda Azərbaycanda hüquq müdafiəçilərinin təzyiq və hədələrə məruz qalması məsələsinə də xüsusi diqqət ayrılır. Göstərilir ki, əvvəlcə ölkədə müxalif partiyalara hücum edildi, indi isə hədəf də vətəndaş cəmiyyətinin nümayəndələridir.

Bu yaxınlarda daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçisi Leyla Yunusu məhkəməyə verib və iddia edib ki, o, müsahibələrindən birində nazirə böhtan atıb. Hüquq müdafiəçisi isə bunu vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiq kimi qiymətləndirib.

Hesabatda yer alan məsələlərdən biri də ötən ilki prezident seçkiləridir. Sənəddə deyilir ki, müəlliflərə görə. bu seçkilər Azərbaycana demokratiya və insan haqları sahəsində səhvlərini düzəltmək üçün imkan idi, lakin bu imkan qaçırıldı.

Belə ki, müxalifət partiyaları seçkini boykot elədilər, toplaşma və media azadlığı məhdudlaşdırıldı.
Hesabatda daha sonra deyir ki, ilyarım əvvəl Azərbaycanda 5 jurnalist prezident fərmanı ilə həbsdən buraxılsa da, bu xoşməranlı jest davam etdirilmədi və indi daha 5 jurnalist hələ də həbsdədir.

Hesabatda hüquq müdafiəçilərinin müdafiəsi dünya demokratiyalarının başlıca vəzifəsi kimi qeyd olunur və xatırlanır ki, ABŞ bunu diplomatiyasının əsas missiyası elan edib.

Hərçənd ki, Human Rights Watch Təşkilatı Birləşmiş Ştatların özünün insan hüquqları sahəsində göstəricilərinin aşağı olduğunu bildirib.

Kennet Rot deyir ki, iş elə gətirib ki, "Birləşmiş Ştatlar hökumətinin digər ölkələri işgəncəyə görə günahlandırması çox çətindir, çünki Mərkəzi Kəşfiyyat İdarəsinin özü insanları işgəncəyə məruz qoyub".

Bu hesabat dünya boyu auditoriya üçün nəzərdə tutulur.

XS
SM
MD
LG