Accessibility links

Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi


Ukrayna baş naziri Yuliya Timoşenko bəyan edib ki, ölkəsi rus qazının Şərqi Avropaya tranzitini təmin etmək üçün bütün addımlardan istifadə edib.

Xanım Timoşenko onu da vurğulayıb ki, çərşənbə axşamı Rusiya Avropa üçün nəzərdə tutulan qazı elə marşrutla göndərib ki, bu, Ukraynanın şərq bölgələrində öz vətəndaşlarını qazla təchiz etməsini dayandırmağı tələb edir.

Bugünkü bəyanatında xanim Timoşenko habelə bildirib ki, dünən göndərilən Rusiya qazının keyfiyyəti onun boru kəmərindən lazımi təzyiqlə vurulmasına imkan verməyib.

Bu arada, Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso xəbərdarlıq edib ki, qaz təchizatı təcili olaraq bərpa edilməsə, Avropanın enerji şirkətlərinə müqaviləni pozduqlarına görə, Ukrayna ilə Rusiyanı məhkəməyə verməyi məsləhət görəcək.

O, Avropa Parlamentinə bildirib ki, Moskva ilə Kiyevə açıq mesaj yollamaq istəyib.

Rusiyanın Avropaya qaz ixracını dayandırandan sonra ən pis vəziyyətlə üzləşən iki ölkə - Bolqarıstan və Slovakiya baş nazirlərini həm Moskvaya, həm də Kiyevə yollayıb. Bunda məqsəd yaranmış mübahisəni aradan qaldırmaqdır.

10-dan artıq ölkədə yüz minlərlə adam bir həftədir ki, qazsız qalıb. Buna səbəb Rusiyanın Ukraynadan keçən qaz xəttini bağlaması olub. Mübahisəyə səbəb isə qazın qiymətidir.

Dünən Avropa İttifaqının vasitəçiliyindən sonra qazın ötürülməsi müvəqqəti olaraq bərpa edilmişdi.

Amma bir neçə saatdan sonra danışıqlar uğursuz nəticələnmiş və qazın axını yenidən dayandırılmışdır.

XS
SM
MD
LG