Accessibility links

Tarixi gün yetişdi…


Vaşinqtondakı sərt qış havası üç gündür ki, «National Mall» parkına axışan yüz minlərlə insanın əzmini qıra bilmir. Onların bir çoxu Barak Obamanın bu gün keçiriləcək inaqurasiya mərasimini yaxından izləmək imkanından da məhrumdurlar, çünki buraxılış vərəqələri yoxdur.

Rəsmi məlumatlara görə, Konqres binasının qarşısında düzənlənəcək tədbirə dəvətlilərin sayı 240 min nəfər təşkil edir. Buna baxmayaraq, bu günkü mərasimləri izləmək üçün Vaşinqtona axışanların sayının 2 milyonu ötdüyü bildirilir. Onlar bu tarixi məqamın şahidi olmaq istəyirlər…

Təbii ki, bu sayda insanın, həm də yeni prezidentin təhlükəsizliyinin təminatı təhlükəsizlik orqanlarına böyük başağrısı verən məsələdir.

Daxili Təhlükəsizlik Departamenti bu günü Amerikada Xüsusi Təhlükəsizlik Hadisəsi günü elan edib. «Mən ömrümdə bu qədər böyük mərasim görməmişəm» - deyə Amerika prezidentinin təhlükəsizliyini təmin edən məxfi xidmətin direktoru Mark Sallivan bugünkü mərasimlə əlaqədar «Röyters» agentliyinə bildirib.

İndiyədək Amerikada prezidentlərin andiçmə mərasiminə gəlib baxanların sayına görə, Lindon Conson lider idi. 1965-ci ildə onun andiçməsini 1 milyondan artıq adam izləmişdi. Amerika tarixində sayca 56-cı olacaq bugünkü inaqurasiya isə bu rekordu qırmalıdır.

Vaşinqtonun Nəqliyyat Departamentinin məlumatına görə, bu gün adamları mərasim meydanına daşıya bilmək üçün 10 min avtobus ayrılıb. Arxa-arxaya düzdükdə, bu avtobuslar 137 kilometrlik uzunluğunda "ilanı" xatırladır. Sutkanın 17 saatını işləyəcək Vaşinqton metrosunda isə 120 min sərnişini daşımaq üçün 850 vaqon dövrəyə buraxılacaq.

Ümumilikdə bugünkü mərasimə çəkilən xərclər 150 milyon dollar təşkil edir. Hələ indiyə kimi heç bir ABŞ prezidentinin andiçməsinə bu qədər böyük vəsait sərf olunmayıb. Obamadan əvvəlki prezidentlər Corc Buş və Bill Klintonun inaqurasiyalara çəkilən xəclər ən çox halda, 42 milyon civarında idi.

Bugünkü mərasimi 8 min polis, 32 min isə hərbi personal heyəti qoruyacaq. Onlar bir neçə gündür ki, bu tədbirə incə detallarına qədər hazırlıq görürlər. Təntənələr vaxtı mərasim ərazisi ətrafında xüsusi rejim yaradılacaq, helikopterlər göydə keşik çəkəcəklər, andiçmə saatlarında onlara qırıcı təyyarələr də qoşulacaq. Binaların damında snayperlər yerləşdiriləcək. Yollar və körpülərdə nəqliyyat dayandırılacaq. Yeraltı keçid və metrolarda iyduyma qabiliyyəti iti olan itlər, minlərlə silahlı polis nəfəri, əsgər və xəfiyyələr küçələri nəzarətdə saxlayacaq.

Mərasimin və ya Kapitol Hilin yaxınlığında olan hər bir kəs xüsusi təhlükəsizlik yoxlamasından keçməli olacaq. Çətirlər və plakatlar qadağan edilib. Əhaliyə bildirilib ki, soyuq havada saatlarla gözləmək lazım gələ bilər, çünki Barak Obamanın inaqurasiyası dünyada ən böyük bir tamaşa olmalıdır…

Beləliklə də, bu gün yerli vaxtla saat 12-də andiçmə mərasimindən sonra Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti elan ediləcək.

İndi btün dünyanın nəzərləri yeni prezidentin inaqurasiya zamanı edəcəyi çıxışa yönəlib. Bəziləri Obamanın ilk növbədə qlobal maliyyə böhranına geniş diqqət ayıracağını, xarici siyasət və təhlükəsizlik məsələlərində Buş administrasiyasının səylərinin davamı olaraq, mühüm mesajlar verəcəyini güman edirlər. Bu təxminləri bölüşməyənlər isə diqqəti ona yönəldirlər ki, Obama Amerikaya dəyişiklik vəd edib və bu vədlərinə də hansısa formada sadiqliyini elə andiçməsi zamanı ifadə etməlidir.

Dünən Vaşinqtonda çıxış edən cənab Obama, onu müşayiət edənləri ictimaiyyətə xidmət etməyə və vahid olmağa çağırıb. O habelə müharibə və böhrana qalib gəlmək üçün xalqı fədakarlığa səsləyib.

Bugünkü mərasimin prosedur qaydalarına gəldikdə, Obama prezidentliyi sələfi Corc Buşdan təhvil aldıqdan sonra ikinci öz növbəsində, vətəni Texasa yola düşəcək. Yeni prezident isə onun şərəfinə düzənlənəcək hərbi paradı salamlamaq üçün Ağ Evə yollanacaq.

İnaqurasiya tədbirləri axşam da davam edəcək, əyləncə mərkəzləri səhərə kimi açıq olacaqlar. İnauqurasiya münasibəti ilə bu gün Vaşinqtonda 10 rəsmi ziyafət təşkil olunub. Paytaxta gəlmiş məşhur ulduzlar isə bütün günü şəhəri gəzərək, soyuq Vaşinqtona, mülayim Hollivud havası gətirəcəklər…

XS
SM
MD
LG