Accessibility links

Faruk Dəmir:  ‘Avropa liderləri təcili Bakıya və Aşqabada səfər etsinlər’


Türkiyədə enerji məsələləri ilə məşğul olan müstəqil ekspertlər ölkə hakimiyyətini NABUKKO layihəsi ətrafında riskli addımlardan çəkinməyə çağırırlar. Ankaradakı STEAM İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Faruk Dəmir mövzu ilə bağlı “Amerikanın Səsi”nə müsahibə verib.

Sual: Türkiyə Nabukko layihəsinin baş tutması üçün Avropa Birliyinin Ankara ilə təmaslara başlamasını şərt qoyur. Baş nazir Ərdoğanın Brüsseldəki bəyanatından sonra kəmərin reallaşma ehtimalı nə qədərdir?

Cavab: Əslində, Türkiyənin baş naziri bu bəyanatla Avropa Birliyində yunanlıların Ankara ilə dialoqa dair yaratdığı əngəllərə qarşı öz etirazını ortaya qoydu. Amma məncə, bu etirazı uzatmaq lazım deyil. Nabukko həm Avropanın qaz ehtiyacının artması ilə əlaqədar Türkiyənin önəmini artıracaq kəmərdir, həm də bu ölkəni Avropaya bağlayan mühüm bir yoldur. Və Ankarada bu layihənin reallaşması istiqamətində əslində, heç bir tərəddüd yoxdur.

Sual:2003-cü ildən gündəmdə olan Nabukkonun çəkilməsi onsuz da maliyyə, rentabellik və digər problemlər baxımından xeyli vaxtdır ki, sual altında idi. Və indi həmin layihədə açar rolu oynamalı olan Türkiyənin bu şəkildə mövqeyini dəyişmək niyyəti, kəmər üçün yeni təhlükələr yarada bilərmi?

Cavab: Əvvəla, NABUKKO üçün hazırda ilk vacib sual kəmərin işə düşməsi üçün ilkin qazın tapılmasıdır. Və bunun da yeganə ünvanı Azərbaycanın Şahdəniz yatağındakı ikinci faza qazıdır. Buna görə də, Azərbaycan qazı hazırda həm Rusiya, həm də İranın regiondakı qaz mübarizəsinin əsas açarıdır. Bu açar kimdə olsa, mübarizənin qalibi də odur. İndiki mərhələdə Nabukkonun məhz qaz qaynaqlarına görə təhlükəyə düşməsi real deyil. Amma Rusiya ilə Ukrayna arasında yaşanan son problemlərin fonunda Avropada enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda Türkiyənin belə bəyanatla çıxış etməsi heç doğru deyildi. Buna görə də məhz baş nazir Ərdoğanın sözügedən bəyanatını sadəcə onun Brüsseldəki adi gündəm bəyanatı kimi qəbul edib, unutmaq lazımıdır. Bundan sonra isə növbəti mərhələyə - Nabukkonun inşa edilməsi və ilkin qazın müəyyənləşməsi istiqamətində müzakirələrə başlamaq lazımdır.

Sual: Nabukkoya beynəlxalq inamı artırmaq və Azərbaycanla Türkmənistanın bu layihədə iştirakını qətiləşdirmək üçün bundan sonra hansı addımlar atılmalıdır?

Cavab: Hazırkı mərhələdə qaz bazarının oyunçuları Şahdəniz yatağının ikinci fazasındakı qazın necə bölüşdürülməli olduğu və onun kimə satılacağı ilə bağlı təklifləri bağlı qapılar arxasında müzakirə edirlər. Azəri qazının Türkmən qazı ilə birlikdə Nabukkoya buraxılması, Nabukko üçün həyati əhəmiyyət daşıyır. Bu nöqtədə həm Azərbaycan, həm də Türkmənistan liderləri Türkiyə ilə bərabər ciddi şəkildə işləyirlər. Bu işlərin daha da ciddiləşməsi və reallığa çevrilməsi üçün Avropa liderlərinin, eləcə də Nabukkodakı 6 ortaqdan biri kimi Türkiyə rəhbərlərinin təcili şəkildə Bakıya və Aşqabada səfərlər etməsi vacibdir. Bu məsələnin artıq masa üzərində ciddi müzakirəsinə ehtiyac var. Çünki 2009-cu il qaz oyunu üçün son dərəcə kritik bir ildir.

XS
SM
MD
LG