Accessibility links

İranda azərbaycanlılara qarşı məhkəmələr davam edir


Ərdəbildəki mənbələrin yaydığı məlumatlara görə, 5 azərbaycanlı fəal - Hüseyn Hüseyni, Vədud Səadəti, Behruz Əlizadə, Rəhim Qulami və Ərdəşir Kərimi Ərdəbilin İslam İnqılabı Məhkəməsinə çağırılıb. Fəalları müdafiə etməyi üzərinə götürən azərbaycanlı vəkil Seyid Məhəmmədrza Fəqihinin bildirdiyinə görə, onun müvəkkilləri İranın cinayət məcəlləsinin “Dövlətçiliyə qarşı təbliğat” maddəsi ilə ittiham olunurlar. Vəkilin bildirdiyinə görə, məhkəmə prosesinə Ərdəbilin İslam İnqılabı Məhkəməsinin 1-ci şöbəsini rəisi hakim Həsənzadə başçılıq edir. Vədud Səadəti, Behruz Əlizadə, Rəhim Qulami və Ərdəşir Kərimi təxminən bir il öncə təhlükəsizlik orqanları tərəfindən həbs olunmuş, 20 gün saxlandıqdan sonra zaminə buraxılmışlar. Məhkəməyə çağırılan Hüseyn Hüseyni isə bir həftə öncə zaminə buraxılıb.
Cənab Hüseyni, ötən il sentiyabrın 14-də Tehranda Səttarxanın məzarı üstündə keçirilən anım mərasimi zamanı bir neçə mərasim iştirakçısı ilə birlikdə həbs olunmuşdu. Həmin mərasim zamanı həbs edilən Tehranın Rəcai Universitetinin azərbaycanlı müəllimi Abdulla Abbasi hələdə "Evin" həbsxanasının 209 saylı təcridxanasında saxlanılır.
Təbrizdəkı mənbələr isə bildirir ki, həbsdə olan Təbrizli fəal, Vəhid Şıxbəyli ikinci dəfə olaraq İslam İnqılabı Məhkəməsində hakim qarşısına çıxarılıb. Yanvarın 27-də keçirilən məhkəmə iclası da daha öncəki iclasda olduğu kimi hər hansı qərar verilmədən başa çatıb.
Fəalın qardaşına istinadən yayılan xəbərlərə görə , Vəhid Şıxbəylinin ailəsinə məhkəmə rəsmiləri tərəfindən bildirilib ki, İslam İnqılabı Tribunalının müttəhimlə bağlı araşdırmaları başa çatmadığından hələlik onun haqqında qərar qəbul etmək mümkün deyildir.
Bir ay öncə, Təbrizdəki mənzilinin önundən oğurlanan və daha sonra Ettelaat tərəfindən tutuqlandığı məlum olan, Təbrizin özəl universitetinin tələbəsi Vəhid Şıxbəylinin yaxınları məhkəmə iclası zaman onun müvəqqəti zaminə buraxılmasını rica ediblər. Ancaq hakim həbs qəti-imkan tədbirini dəyişməkdən imtina edib.
XS
SM
MD
LG