Accessibility links

ABŞ Mətbuatı: Stimullaşdırma paketi tənqid olunur


ABŞ iqtisadiyyatının dərin böhranla üzləşdiyi məqamda gözlər Obama administrasiyasının atacağı addımlara dikilib. Hazırda ABŞ Konqresində iqtisadiyyatı stimullaşdırma paketi nəzərdən keçirilir. Nümayəndələr Palatasında qəbul edilən, lakin heç bir Respublikaçının lehinə səs vermədiyi stimul paketi bir sıra tənqidlərlə üzləşir. Bəzi mütəxəssislər bu planın yalnız hökumət xərclərini çoxaldacağını və əslində iqtisadiyyata lazım olan təkanı verməyəcəyini proqnozlaşdırır.

New York Post qəzetində Heritage Fondunun iqtisadiyyat üzrə eksperti Ronald Utt 800 milyard dollar həcmində stimul layihəsinin perspektivlərinə şübhə ilə yanaşır. Onun sözlərinə görə planın müəllifləri belə təəssürat yaratmağa çalışırlar ki, əslində pul infrastruktur layihələrinə xərclənəcək. Həqiqətdə isə ictimai nəqliyyat və yol inşasına yalnız 7 faiz ayrılıb ki, bu miqdarın da böyük əksəriyyəti ehtiyac duyulan bu il ərzində xərclənməyəcək. Əvəzində Demokratlar ictimai yaşayış binalarına 5 milyard dollar xərcləmək istəyirlər. Nəzərə alanda ki, iqtisadi böhranın kökündə məhz ifrat inşaaat layihələri dayanır, onda bu paket mövcud problemi genişləndirmək riski ilə müşayiət olunur. Cənab Utt-ın fikrincə paketə habelə stimullaşdırma qabiliyyəti zəif və ya heç olmayan bir sıra federal proqramlar – Milli İncəsənət İnstitutu, Balıqçılıq və Qoruq Xidmətləri, enerji baxımdan səmərəli federal bina tikintiləri və başqa ictiami layihələr daxildir. Onun sözlərinə görə bu addım böhranla üzləşən iqtisadiyyata stimul verməyəcək. Əksinə, pulları israfçılıqla xərcləyəcək bu plan nəticəsində vəziyyət daha da pisləşə bilər. “Bu ölçü yəqin ki, bir ildən sonra işsizliyi ikirəqəmli həddə çatdıracaq. Konqres isə buna cavab olaraq yeni stimul paketi qəbul edəcək, və sonda Amerikanın iqtisadiyyatı bir sıra Avropa ölkələrində olan kimi qeyri-qənaətbəxş səviyyəyə enəcək,” deyə o, bildirir.

Wall Street Journal qəzetində məqalə ilə çıxış edən sabiq Konqresmen Dik Armi Obama administrasiyasının dəstəklədiyi stiuml paketinin arxasında Keynes iqtisadi fəlsəfəsinin durduğunu yazır. 1936-cı ildə dünya Böyük Depressiya ilə üzləşəndə ingilis iqtisadçı Con Meynard Keynes “İşlililk, Sələm və Pul haqda Ümumi Nəzəriyyə” adlı kitab yazmışdı. Həmin kitabda Keynes iddia edirdi ki, hökumət öz xərclərini çoxaltmaqla iqtisadi böhrana son qoya bilər. Belə iri hökumət proqramları və layihələri yeni iş yerləri yaradaraq təılabatı artırır, və nəticədə iqtisadi mühərrik yenidıən işə düşür. Lakin Keynesin bu nəzəriyyəsini Avstriya iqtisadçısı Fredrik Hayek sərt tənqid etmişdi. Hayek Keynes nəzəriyyəsinin yanlış əsaslara söykəndiyini, cəmiyyətdə iqtisadi bölğü balansını ədalətsizcəsinə pozduğunu, və hökumətin artan xərclərinin iqtisadiyyatı iflasa uğratdığını bildirirdi. Hökumətin pul xərcləməsinin yalnız 2 yolu var. Birincisi vergiləri artırmaqdır ki, bu, sahibkarlıq həvəsini öldürür. İkincisi isə əlavə pul çap etməkdir ki, bu da inflyasiyanı gücləndirir və pulun dəyərini salır. Dik Arminin fikrincə təklif olunan stimul planı əhəmiyyətsiz federal layihələrə nəhəng məbləğdə pul ayırmaqla fərdi təşəbbüsə və ənənəvi kapitalizmə əsaslanan Amerika iqtisadiyyatını təhlükə qarşısına qoyur.
XS
SM
MD
LG