Accessibility links

Manas bazası ətrafında geosiyasi rəqabət


Qırğızıstan prezidenti Qurmanbek Bakiyev Bişkek yaxınlığındakı Amerika hava bazasını bağlamaq qərarını fevralın 3-də Moskvada elan edəndə, Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Qırğızıstana 2 milyard dollardan artıq kredit və digər maliyyə yardımı ayırmaq niyyətini artıq səsləndirmişdi.

Rusiya deyir ki, yardım paketinin bazaların bağlanması ilə heç bir əlaqəsi yoxdur. Ancaq eyni zamanda, sirr deyil ki, Moskva Amerikanın bu bölgədə mövcudluğunu özünün nüfuz dairəsinə bir təhlükə sayır.

Buna görə də, siyasi ekspertlər Bakiyevin Amerikanın hava bazasını bağlamaq təklifinin Rusiyanın öz ənənəvi maraq dairəsində mövcudluğunu nümayiş etdirmək istəyi ilə əlaqələndirirlər.

2001-ci ilin dekabr ayında ABŞ hərbçiləri Manas aerodromuna ilk dəfə daxil olanda, Qırğız rəhbərliyi bu əməkdaşlığı ölkənin Birləşmiş Ştatlarla münasibətlərində mühüm səhifə adlandırırdı. Həmən vaxt Vaşinqton yenicə Talibana qarşı savaş elan etmişdi və “Manas” bazası da elə bu günə qədər amerikalılara Əfqanıstandakı əməliyyatlar üçün hava-su qədər vacib rol oynayır.

Amma indi Bakiyev qəfildən bu bazanı bağlamaq qərarına gəlib, özü də amerikalılara heç bir bildiriş – xəbərdarlıq göndərmədən.

Qırğız rəhbərliyi bu addımını iqtisadi amillərlə əsaslandırmağa çalışır. Bakiyev deyib ki, maliyyə tələblərinin yerinə yetirilməməsi üzündən artıq bu bazanı saxlamağa ehtiyac görməyə bilərlər. Və Qırğızıstan parlamenti gələn həftə belə bir qərar qəbul etsə, bu amerikalılar üçün sürpriz olmamalıdır.

Buna baxmayaraq, bəzi siyasi ekspertlər Qırğızıstan tərəfinin bazaları bağlamaq motivlərinin pulla bağlı olduğuna şübhə etmirlər. Qırğızıstan son aylar həm maddi, həm də enerji qıtlığı ilə üz-üzədir. Hakimiyyət bu vəziyyətin iqtidar əleyhinə nümayişlərə səbəb ola biləcəyindən narahatdır. 2 milyard dollar isə bu yoxsul Asiya ölkəsi üçün böyük vəsait deməkdir.

Qırğızıstan hazırda Amerikadan bazaların istifadəsi müqabilində ildə 150 milyon dollar alır. Bu iki məbləğ arasındakı seçimi müqayisə etsək, hansının qırğızlar üçün daha cəlbedici olduğunu anlamaq çətin deyil.

Amma Bakiyevin «Manas» bazasını bağlamaq xəbərdarlığını pulla əlaqələndirməyənlər də var.
Bişkekdəki siyasi araşdırmalar mərkəzinin rəhbəri, siyasətşünas Vitali Boğatirev Amerikanın səsinin Özbək bürosuna müsahibəsində deyib ki, Rusiyanın özündə iqtisadi böhran hiss edildiyi bir vaxtda Qırğızıstana kredit ayırması təsadüfi deyil. Bu, onu göstərir ki, Moskva məhz sözügedən hərbi bazanın bağlanmasında maraqlıdır:

"Bu bazadan Əfqanıstandakı əməliyyatlarda istifadə olunurdu, bu isə prinsipcə, Rusiyanın maraqlarına ziddir. Bazaya görə ödənilən illik məbləğin üzərində amerikalılarla aparılan müzakirələr hələ yekunlaşmayıb. Ona görə də qərarın məhz iqtisadi amillərlə əlaqələndirilməsi düzgün deyil. Bunlar hamısı bəhanədir".

Cənab Boğatirev onu da deyib ki, Rusiya ümumilikdə Mərkəzi Asiya ölkələrilə təmaslarını intensivləşdirməklə, bu bölğəni əlində saxlamağa çalışır. Belə ki, ekspertə görə, Medvedevin bu yaxınlarda Daşkəndə səfəri İslam Kərimova qol-qanad verib və indi Moskva Mərkəzi Asiyada mövcudluğunu artırmaq üçün regionda su elektrik stansiyası tikmək barədə razılığa gəlməyə çalışır.

Ancaq Moskvalı politoloq Artyom Ulunyan isə hesab edir ki, Bakiyevin amerikalıları bazadan çıxarmaq qərarı əslində əsaslandırılmış addımdır.

“Bakıyev indi bir neçə sual qarşısındadır. İlk növbədə onun ölkəsindəki vəziyyətlə əlaqədar xüsusilə də seçki ərəfəsində Moskvanın siyasi dəstəyinə ehtiyacı var. Qərğızıstanda vəziyyət kifayət qədər ciddir. Müxalifət Bakiyevi mövcud iqtisadi çətinliklərin həllində səriştəsizlikdə ittiham edir. Ona görə də Bakiyevin indi bu məsələdə haqqında çox danışılan pulu almağa ehtiyacı var”.

Amma Ulunyandan fərqli olaraq, Vitali Boğatirev Rusiyanın qırğızlara vəd etdiyi pulun hamısını ödəyəcəyinə də inanmır. Onun fikrincə, Moskva Bakiyevə bir neçə milyon verməklə, onu özündən asılı saxlayacaq.


XS
SM
MD
LG