Accessibility links

Avropa ilə Rusiya enerji təhlükəsizliyini gücləndirmək yollarını axtarırlar


Avropa Birliyinin yüksək səviyyəli nümayəndə heyəti bu gün Moskvada Rusiya liderləri ilə bir araya gələrək, qarşılıqlı münasibətləri müzakirə ediblər .

Bu görüş ötən ay Rusiya ilə Ukrayna arasında qaz nəqlinə dair yaşanmış böhranın yoluna qoyulmasından bir həftə sonraya təsadüf edir.

Rusiyanın mavi yanacaq qiyməti və digər səbəblərə görə Ukraynaya gedən qazın nəqlini dayandırması Avropanın da Moskva ilə münasibətlərinin soyumasına səbəb olmuşdu.

“Assoşieyted Press” agentliyi isə Avropa Komissiyasının rəhbəri Hose Manuel Barrosoya istinadən Brüsselin Rusiya ilə əlaqələri təcili nizama salmaqda maraqlı olduğunu yazıb.

“Reuters”in xəbərinə görə, bu gün Kremldə Barrosonu qəbul edən Rusiya prezidenti Dimitri Medvedev ötən ay yaşanmış qaz böhranına toxunaraq, bu cür hadisələrin təkrar olunmasının qarşısını almaq üçün real mexanizmlər yaratmağın vacibliyindən bəhs edib.

O deyib ki, “son böhran belə təsəvvür yaratdı ki, burada nə isə düzgün deyil”. Medvedev hazırkı zəviyyəti “həssas” adlandırıb.

Cənab Barroso isə bildirib ki, yanvar ayında yaşanmış böhran təəssüf doğursa da, onlar Rusiya rəhbərliyinin mübahisənin həlli uğrunda səylərini alqışlayırlar.

Hər iki tərəf enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz böhranının yenidən baş verməməsi üçün birgə tədbirlər görülməsinin vacibliyi fikrində razılaşıblar.

Rusiyanın baş naziri Vladimir Putinlə görüşdə isə cənab Barroso son vaxtlar Rusiyada jurnalistlər və hüquq müdafiəçilərinin öldürülməsindən narahatlığını ifadə edib.

Avropa Birliyi nümayəndə heyətinin Moskvadakı görüşlərində habelə qlobal iqtisadi böhran, ticarət və iqlim dəyişikliyi məsələləri müzakirə olunub


XS
SM
MD
LG