Accessibility links

İranın xarici işlər naziri Bakıya səfər edəcək


İranla Azərbaycan bu həftə ikitərəfli və regional münasibətlərinin müzakirəsini nəzərdə tutan birgə hökumətlərarası komissiyanın iclasına hazırlaşırlar. Bakıda keçiriləcək iclasa İran tərəfdən xarici işlər naziri Mənuçöhr Mottəki həmsədrlik edəcək.

Uzun fasilədən sonra işə başlayacaq İran-Azərbaycan hökumətlərarası konfransı ərəfəsində hər iki ölkənin siyasətçiləri nikbinliklə, Bakı-Tehran münasibətlərinin başqa xalqlara nümunə yaratdığını deyirlər.

Müstəqil ekspertlər isə hesab edirlər ki, bir sıra məsələlərdə Tehran və Bakı arasında münasibətlərdən örnək götürməli çox şey olmayıb.

Məsələn, aparıcı politoloq, 1992-94-cü illərdə Azərbaycanın İrandakı səfiri olmuş Nəsib Nəsiblinin fikrincə, İran və Azərbaycan bir-birindən son dərəcə fərqli ölkələrdir.

Bunun məhz belə olduğunu görmək üçün elə iki gün əvvəl İran prezidenti cənab Əhmədinejadın Tehranda verdiyi bir bəyanata diqqət yetirmək kifayətdir. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşən Mahmud Əhmədinejad deyib ki, "çox təəssüf hazırda Xəzər dənizi ədalətli bölünməyib".

Cənab Nəsibli Amerikanın səsi radiosuna deyib ki, Xəzərin bölünməsi məsələsində Rusiya, Qazaxıstan Azərbaycanla eyni mövqedə olsalar da, coğrafı baxımdan İranın mübahisəsi məhz Azərbaycanladır:

“Problemlərdən biri 2001-ci ildən bu yana Alov neft yataqlarının istifadə olunması məsələsidir. İran tərəfinin təkidləri üzündən Azərbaycan hələ də bu yataqdan istifadə edə bilmir”.

Rəsmi Tehranı Azərbaycandan məsafəli davranmağa sövq edən digər bir məsələ isə Bakının qərbyönümlü siyasi kirsa meyllənməsidir. Cənab Nəsibli deyir ki, indi olmasa da, son vaxtlara qədər İran rəsmiləri bu məsələdə etirazlarını açıq səsləndirirdilər:

“Xarici orientasiya məsələsində iki ölkə bir-birindən məmnun deyillər. Daha doğrusu, İran tərəfi həmişə danışıqlarda Azərbaycanın Qərbə inteqrasiyasından çox narahat olduğunu dilə gətirməkdən çəkinmirdi. Ümumiyyətlə, Azərbaycanın Qərbə orientasiyası İranı çox narahat edir”.

Siyasi ekspertlərə görə, Azərbaycanın ABŞ-Tehran qarşıdurmasında sərgilədiyi ehtiyatlı mövqeyi başa düşüləndir. Belə ki, İranın dinc və ya qeyri-dinc nüvə texnologiyaları əldə edib-etməməsi Azərbaycanın bu məsələdəki mövqeyindən qətiyyən asılı deyil. Cənab Nəsibli deyir ki, buna Vaşinqtonda da elə bu reallıqdan yanaşırlar.

Dağlıq Qarabağ münaqişəsinin çözümündə söhbət açarkən isə, İran rəsmiləri əsasən tarixi köklərə yox, münaqişənin onun iki qonşusu arasında dinc yolla həllinə tərəfdar olduqlarını bildirirlər.

Buna baxmayaraq, Bakıda dini, tarixi və digər amillərdən dolayı, İranın Ermənistanla münaqişədə Azərbaycanı birmənalı dəstəkləməməsindən narazılıq mütəmadi səslənməkdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, fevralın 19-da Bakıda işə başlayacaq İran-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyindəki əsas məsələlər ölkələrarası iqtisadi layihələr və enerji əməkdaşlığı imkanlarıdır.

Ötən il Gürcüstan-Rusiya münaqişəsi Bakı-Tbilisi-Ceyhan kəmərilə neftin ixracını iflic vəziyyətinə saldıqdan sonra, Azərbaycan öz neftinin bir qismini dünya bazarlarına İran üzərindən ixrac edirdi. Bu əməkdaşlıq cəmi bir neçə ay davam etsə də, Tehranda belə bir fikir söylənilir ki, bu hal heç də müvəqqəti deyil və əməkdaşlıq davam edəcək.

Nəsib Nəsibli isə diqqəti buna yönəldir ki, İranla Azərbaycan arasında enerji resurslarının nəqlində son illərin soyuqluğu tədricən aradan qalxmaqdadır. Hərçənd ekspertə görə, enerji ehtiyatları məsələsində iki ölkənin maraqları üst-üstə düşmür.

“Baxmayaraq ki, Xəzər dənizindən dünya bazarlarına ixrac olunan neft yalnız kiçik bir hissədir, amma İran tərəfi burada Qərb kapitalının neft və qaz istehsalına cəlb olunmasından narazılığını dəfələrlə dilə gətirib”.

Yeri gəlmişkən, İranın xarici işlər nazirinin Bakıya səfərə hazırlaşdığı bir vaxtda, bu ölkənin müdafiə naziri Müstafa Məhəmməd Nəcərin Rusiyaya getməsi də ekspertlərin diqqətini çəkir.

Tehran xəbər agentlikləri iki ölkənin baş hərbçiləri səviyyəsində Rusiyadan İrana silah satışının müzakirə olunacağını bildirirlər. Lakin bu silahların Tehrana hansı marşrutla ötürülməsi də digər bir sualdır. Ötən il Azərbaycan tərəfi öz ərazisindən İrana Rusiya hərbi sursatının ötürülməsinin qarşısını almışdı...

XS
SM
MD
LG