Accessibility links

Bülənt Əlirza: ‘İndiki halda Qafqaz regionu Amerika üçün o qədər də vacib deyil’


Bazar ertəsi Türkiyə prezidenti Abdulla Gülə və baş nazir Rəcəb Təyyib Erdoğana zəng etmiş Amerika prezidenti Barak Obama iki ölkə arasında münasibətlərin möhkəmlənəcəyinə ümidini ifadə edib. Ağ Evin açıqlamasına görə, telefon söhbətində regional və beynəlxalq mövzulara da nəzər salınıb. Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza Türkiyə-ABŞ münasibətlərinin regiondakı proseslərə mümkün təsirləri barədə Amerikanın səsinə müsahibə verib:

Sual: Prezident Obamanın Ankaraya zəng etməsi xarici mətbuatda müxtəlif cür şərh olunur. Lakin Azərbaycan üçün ən maraqlı məqam Obamanın Türkiyə liderləri ilə danışıqlarında Ermənistan mövzusunun keçməsidir. Yayılan açıqlamalara görə, Türkiyə baş naziri bu məsələdə Vaşinqtona ölkəsinin həssaslığını anlatmağa çalışıb. Ankaranın Vaşinqtona izah etmək istədiyi bu həssaslıq nədən ibarətdir?

Cavab: Nəzərə almaq lazımdır ki, zəng edən Türkiyə rəsmiləri yox, Obama olub. Amerika prezidenti əvvəlcə Türkiyə prezidentinə, sonra da baş nazirə telefon açıb.Görünür, Obamanın Türkiyə tərəfinə mesaj vermək istədiyi məsələlər var idi. Ağ Evin bu mövzuda yaydığı açıqlamaya nəzər salsaq, əslində bu zəngin əsl hədəfinin nə olduğunu anlamaq mümkündür.Obama NATO çərçivəsindəki əməkdaşlığın davamını istəyib, xüsusilə də Əfqanıstanla Pakistan mövzularında. Məncə, burada ən önəmli məsələ də budur: Obama Əfqanıstana əlavə əsgər göndərilməsini istəyir, NATO-dakı digər dövlətlər isə buna o qədər də isti yanaşmırlar. Türkiyənin isə bu məsələyə müsbət cavab vermək istədiyini ehtimal edirəm. Məncə buna görə Obama Ankaraya zəng edib. Ancaq təbii ki, Türkiyə üçün də ən önəmli mövzunun uydurma erməni soyqırımı olduğunu nəzərə aldıqda, əminəm ki, telefon söhbətində türk yetkililər də bunu Obamaya xatırladıblar.

Sual: Bu telefon söhbətinin Abdulla Gülün Moskvaya səfəri və orada bəyannamə imzalamasından sonra baş tutmasında bir bağlılıq görürsünüzmü?

Cavab: Vaşinqtondan verilən açıqlamalarda nə bu məsələ, nə də Qafqazın adı hər hansı bir şəkildə çəkilmir. Bəllidir ki, Gürcüstandakı müharibədən sonra Vaşinqtonla Ankara arasında müəyyən fikir ayrılığı olmuşdu. Təbii ki, Vaşinqton özü də Moskva ilə gələcək münasibətlərinə dair siyasətini nəzərdən keçirir. Bu yaxınlarda Münhendəki çıxışı zamnı Co Bayden Rusiya ilə münasibətlərə yenidən baxıldığını demişdi. Bəllidir ki, Obama Moskva ilə əvvəlki qədər bir gərginlik yaşanmasını istəmir. Fəqət, Buşun vaxdından qalan bəzi problemlər var ki, onların da yoluna qoyulması lazımdır. Türkiyənin bu ərəfədə hansı rolu oynayacağını demək indi tezdir. Artıq Ankaranın Rusiya ilə bir münasibəti var. Lakin eyni zamanda, Türkiyə ABŞ-la da NATO çərçivəsində müttəfiqdir.

Sual: Barak Obama Türkiyənin baş naziri ilə telefon danışığında onun bölgədəki münaqişələrin həllində liderliyini tanıdığını deyib. Bunu Vaşinqtonun həm Qafqazda, həm də Yaxın Şərqdə Türkiyənin vasitəçilik səylərinə dəstəyi kimi qəbul etmək olarmı?

Cavab: Bunu da demək tezdir. Onsuz da bu ifadə Türkiyə tərəfinin verdiyi açıqlamada əks olunub, Vaşinqtonun açıqlamasında isə bu yoxdur. Xüsusilə, Davos forumundan sonra Ərəb-İsrail məsələlərində Türkiyənin vasitəçi olacağına dair Vaşinqtonda bəzi şübhələr var. Ancaq Qafqazda bəlkə Türkiyə daha önəmli bir rol oynaya bilər. Xüsusilə də son vaxtlar Ermənistanla Azərbaycan arasında dialoqa yardımçı olmağa çalışıb, ayrıca olaraq Qafqazda Sabitlik Paktını irəli sürməklə. Təbii ki, gələcəkdə Vaşinqtonun bu pakta necə baxdığını da görəcəyik. Buş Administrasiyası bu plana o qədər də isti baxmırdı, çünki Türkiyə Vaşinqtonu dəvət etməmişdi bu pakta. Gələcəkdə əgər Türkiyə Amerikanı da bu plana daxil etsə, bəlkə bu təşəbbüs daha effektib mərhələyə girə bilər.

Sual: Sizcə nəyə görə eyni bir telefon danışığı ilə bağlı Ağ Evlə Çankaya köşkünün açıqlamaları bu qədər fərqlidir? Türkiyə tərəfi bu telefon söhbətində Qafqazın adının çəkildiyini bildirdiyi halda, Amerika tərəfi yalnız NATO mövzusunu qeyd etməklə kifayətlənir.

Cavab: Diplomatiyada bu cür vəziyyətlər olur. Hər iki tərəf özü üçün daha müsbət məqamları açıqlayır... Məncə vəziyyət belə olub: Obama özü üçün vacib olan mövzuları açıb, Gül və Ərdoğan da özləri üçün önəmli məsələləri açıblar. Əgər Vaşinqtondakılar Qafqaz məsələsini açmayıbsa, deməli, indiki halda bu region Amerika üçün o qədər də vacib deyil. Amma bu o demək deyil ki, gələkdə də bu mövzu önəmli olmayacaq. Sadəcə indiki halda prezident Obamanın diqqəti Əfqanıstandadır. Türkiyə üçün isə Qafqaz və digər dilə gətirilməyən mövzular önəmli idi. Məncə vəziyyət belə olub...

XS
SM
MD
LG