Accessibility links

İranın azərbaycanlılar yaşayan şəhəri işsizlik üzrə liderdir


İranın qədim Əhər şəhərinin əhalisi 30 il öncə inşasına başlanan Əhər-Təbriz şəhərlərarası magistralının açılışı ilə bağlı arzularına çata bilməyiblər. Bununla bağlı narazılıqlar artıq İran parlamentinin üzvləri tərəfindən də dilə gətirilir.

Əhərdən olan millət vəkili Qulamhüseyn Məsudi Reyhan Şərqi Azərbaycan əyalətinin Programlaşdırılma Komitəsinin iclasındakı çıxışı zamanı etirazını bildirib.

Onun bildirdiyinə görə, 1979-cü il inqilabından sonra başlanan bu vacib proyektin icrasından 30 il keçir, amma hələ də bu proyekti başa çatdırmaq mümkün olmayıb.

Onun dediyinə görə, hər il Təbriz-Əhər şəhərlərarası yolda baş verən avtomobil qəzaları nəticəsində çoxsaylı insan həyatını itirir.

Buna baxmayaraq, təqribən 90 kilometrlik proyektin icrası üçün lazım olan büdcənin təmin olunmaması ucbatından tikinti işlərini davam etdirmək mümkün olmur.
Bununla yanaşı, Əhərli millət vəkili həm də təmsil etdiyi seçicilərin ciddi çətinliklərinin olduğunu da dilə gətirib.

Onun dediyinə görə, Əhər işsizlik üzrə 1-ci yerdədir və işsizlik səviyyəsi burada artıq 25 faizi aşıb.

Cənab Məsudi onu da vurğulayıb ki, bu bölgədəki işsizlərin 15 min nəfəri ali təhsilli gənclərdən ibarətdir.

Gənclərin çoxsaylı çətinliklərlə üzləşdiyini bildirən millət vəkili, cəmiyyətin ən önəmli qüvvəsi olan gənclərin çoxsaylı problemlərinin həlli ilə bağlı özəl komitə yaradılmasına çağırıb.

O, təmsil etdiyi şəhərdə yetərli idman mərkəzlərinin və ümumiyyətlə hər-hansı ali təhsil müəssisəsinin olmamasını və yeganə ali təhsil ocağı olan Əhərin Xəstəbaxıcılıq Fakültəsinin naməlum səbəblərdən bağlanmasının ciddi narahatlıq doğurduğunu deyib.

Təbrizin 95 kilometr şimal-şərqində yerləşən və Qaradağ mahalının mərkəzi sayılan Əhərdə 150 minə yaxın azərbaycanlı yaşayır.

XS
SM
MD
LG