Accessibility links

Azərbaycanda daha bir jurnalist təzyiqə məruz qaldığını deyir



Bakıdan gələn məlumatlara görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı, “Ayna-Zerkalo” qəzetinin yazarı İdrak Abbasov Naxçıvanda təzyiqə məruz qalıb.

O, Muxtar Respublikaya referendumqabağı durum, insan haqları, mətbuat azadlığı və sosial vəziyyətlə bağlı araşdırma aparmaq üçün gedib və orada narazı sakinlərlə görüşüb.

Lakin bu arada jurnalistə müsahibə adı altında telefon açan yerli təhlkükəsizlik orqanlarının nümayəndələri onu Nazirliyə dəvət edərək, burada isə təzyiqə məruz qoyublar.

Hazırda Bakıda xəstəxanada olan jurnalist İdrak Abbasov baş verənləri Amerikanın səsinə telefonla belə təsvir edib:

“Naxçıvanda olduğumuz müddətdə həm rəsmi qurumlarla, həm də ictimai-siyasi təşkilatlarla görüşməyi planlaşdırmışdıq. İnsafən, bu görüşlər yaxşı-pis baş tuturdu. Məsələn, bizi həbsxana rəisi qəbul etmişdi – bu, yaxşı hal idi.

Lakin fevralın 20-də təxminən saat 12 radələrində bizə Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyindən zəng etdilər və müsahibəyə dəvət etdilər. Çox sevindim ki, orada da əlavə məlumatlar əldə edə biləcəyik.

Ancaq çox təəssüf ki, Təhlükəsizlik Nazirliyinə gəlib içəri keçəndən sonra kiçik söhbət əsnasında qəfildən mənim gözlərimi bağladılar, qollarımı burdular, əşyalarımı da əlimdən alaraq, məni naməlum istiqamətdə bir otağa apardılar.

Daha sonra hədələr başladı, təhqir edirdilər ki, nəyə görə bura icazəsiz gəlmişəm. Mənə dedilər ki, jurnalist bura gələndə gərək yerli icra orqanlarına və əlaqədar strukturlara məlumat versin.

Təxminən 2 saatdan artıq saxlanıldıqdan sonra mənə Naxçıvanı tərk etməyi tapşırdılar. Ciddi qorxmuşdum. Xüsusilə də gözlərimi bağladıqlarında ciddi sarsıntı keçirdim. Bir anlığa anlaya bilmədim ki, nə baş verir.

Hazırda Bakıda xəstəxanadayam. Həkimlər gəlib mənə baxdırlar. Hələ ki, ilkin tibbi yardımlar olub. Analizlər ediləcək…”

Bu, jurnalist İdrak Abbasovun dedikləri idi.

Azərbaycan parlamentinin Naxçıvandan olan millət vəkili Eldar İbrahimov isə Muxtar Respublikada jurnalistə təzyiq olunması fikri ilə razılaşmır. Cənab İbrahimov Amerikanın səsinə bunları deyib:

“Kimsə Naxçıvana gedib şəxsi işi ilə bağlı narazılıq yaşayanda, deyir ki, burada mətbuat azadlığı yoxdur və sair və ilaxır. Halbuki, ən böyük mətbuat azadlığı elə Naxçıvandadır.

Amma jurnalistlər elə bilirlər ki, Naxçıvana gedəndə onu qarşılamalıdırlar, şərait yaratmalıdırlar və deməlidirlər ki, xoş gəlmisən, bu vaxta qədər niyə gəlmirdin…

Mən inanmıram ki, Naxçıvanda kimisə incitsinlər. Naxçıvanın deputatı kimi, bu fikrimdə səmimiyəm. Axı orada jurnalistə nə edirlər ki?

Naxçıvan sərhədyanı zonadır və ona görə də xarici qüvvələrdən qorunur. Bunun nəsi pisdir ki? Gərək Naxçıvana haradansa gəlib təzyiq göstərilsin, onda jurnalistin xoşuna gələcək?"

XS
SM
MD
LG