Accessibility links

Eldar Namazov: ‘Dağlıq Qarabağla bağlı saziş artıq hazırdır’


Vaxtı ilə Qarabağ danışıqlarının yaxından iştirakçısı olmuş Azərbaycanın Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazov nizamlama prosesinin son vəziyyəti barədə Amerikanın səsinə maraqlı açıqlamalar verib.

Sual: Bir müddət əvvəl Azərbaycan diplomatiyasının Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmaq hüququ ilə əlaqədar BMT-yə sorğusu sülh danışıqlarını aparan Minsk Qrupu həmsədrlərini qeyzləndirmişdi. Hazırda Azərbaycanda əsas diqqət daxili siyasətə - yaxınlarda keçiriləcək referenduma yönəlib, həmsədrlər isə bölgəyə səfər edərək, Azərbaycan və Ermənistan prezidentlərini görüşə çağırırlar. Sizcə hazırda Qarabağ problemilə əlaqədar aparılan diplomatik təmasların məğzi nədir?

Cavab: Mənim bu yaxınlarda Minsk Qrupunun həmsədrlərilə görüşlərim olub. Hamısı ilə deyil, bəzilərilə müzakirə aparmışam. Həmsədrlər hesab edirlər ki, Azərbaycan və Ermənistan arasındakı çərçivə sənədi artıq hazırdır. Yadınızdadırsa, bir il bundan əvvəl həmsədrlər bəyanat yayaraq, bütün mümkün imkanlardan istifadə etdiklərini, xeyli iş aparıldığını və indi son sözün prezidentlərin olduğunu deyirdilər. Son günlərdə isə həmsədrlərin Bakıda və Yerevanda səsləndirdiyi bəyanatlarda belə ifadə var ki, problemin həlli üçün obyektiv şərtlər artıq mövcuddur, qalır yalnız subyektiv amillər. Yəni siyasi iradə.
Bütün bu diplomatik dillə deyilən sözləri biz sadə dilə çevirsək, həmsədrlər deyirlər ki, saziş artıq hazırdır və prezidentlər özlərində siyasi iradə tapıb, ona imza atmalıdırlar. Həmsədrlərin son vaxtlar regiona ardıcıl səfərləri də bununla əlaqədardır. İndi vasitəçilərin regionda apardığı iş sazişin hazırlanmasına yox, onu imzalamalı olan Azərbaycan və Ermənistan hakimiyyətlərinin mövqelərini öyrənməyə əsaslanıb. Belə görünür ki, artıqi mübahisəli məsələlər ətrafında da hansısa mətnlər tərtib olunub və onlara ya hə, ya da yox demək lazımdır.

Sual: Konkret olaraq, həmsədrlər son iki gündə Bakıda və Yerevanda danışıqlar prosesinə icmaların da cəlb olunması barədə ənənəvi bəyanatlarını təkrarlayıblar. Azərbaycan ictimai rəyi bu məsələdə nə deyir?

Cavab: Əgər söhbət iki icmadan gedirsə, bu, düzgün yanaşmadır. Nə vaxt Azərbaycan və Ermənistan arasında müəyyən bir razılıq əldə edilsə və Ermənistan öz işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa razılıq versə, onda təbii ki, Dağlıq Qarabağda yaşamış Azərbaycan və erməni icmalarının da bu danışıqlar prosesində iştirakı labüd olacaq.

Sual: Ümumilikdə həmsədrlərlə təmaslarınızda siz danışıqların belə deyək, Azərbaycanın xeyrinə, yoxsa böyük güzəştlərə doğru getdiyinin şahidi olmusunuz?

Cavab: Azərbaycanda bu yaxınlarda referendum keçirilməlidir. Ancaq bu səsvermə martın 18-də başa çatacaq və ondan sonra hakimiyyətin başı hansısa ciddi proseslərə qarışmayacaq. Ermənistanda isə vəziyyət fərqlidir. Həm iqtidar- müxalifət qarşıdurması şiddətlənir, həm də bu ölkənin iqtisadiyyatında çox ciddi geriləmələr gedir, vəziyyət mürəkkəbdir. Belə olan halda Ermənistan hakimiyyəti Qarabağ məsələsində nə qədər kompromislərə gedə bilər, bu, mənim üçün qaranlıq qalır.
Kompromislərə gəldikdə, hələ Azərbaycan cəmiyyətilə bu barədə ciddi söhbət olmayıb. Hakimiyyət danışıqları qapalı aparır və ictimaiyyət məlumatsızdır. Buna görə də cəmiyyətdə bu mövzuda hansısa ciddi müzakirə getmir...

Sual: Beləliklə də, çərçivə sazişinin hazır olması barədə həmsədrlərin açıqlamalarına rəğmən, real müstəvidə danışıqlarda irəliləyiş əldə etmək üçün hələ çox gözləməliyik. Biz düz başa düşdük?

Cavab: Bu münaqişənin həlli üçün təkcə prezidentlərin siyasi iradəsi kifayət deyil. Başqa məsələdir ki, bu gün o da yoxdur. Nə Azərbaycan, nə də Ermənistan prezidenti hələ sənədi imzalamağa razılıq verməyib. Lakin hətta dövlət başçıları arasında razılıq olsa belə, bu da məsələnin həlli deyil. Gərək cəmiyyət razılaşsın. Buna görə də gələcəkdə məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində çox ciddi müzakirələr aparılmalıdır.

XS
SM
MD
LG