Accessibility links

İran təhlükəsizlik qüvvələri edam olunmuş azərbaycanlının meyidini ailəsinə vermək istəmirlər


İranda İslam İnqılabı Məhkəməsinin qərarı ilə edam edilən Mehdi Qasımzadənin ailəsi və yaxınları onun meyidini geri ala bilmirlər.

Yerli mənbələrin bildirdiyinə görə, Mehdi Qasımzadə fevralın 28-də səhər saatlarında Urmiyə həbsxanasına dar ağacından asılıb.

Onun ailəsi Urmiyənin Xomeyni xəstəxanasının morquna müraciət edərək, mərhumun cənazəsini dəfn etmək istədiklərini bildirib.

Ancaq morqun rəhbərliyi meyidin İran Təhlükəsizlik orqanlarının -Ettealaatın Nazirliyinə təhvil verildiyini bildirərək, cənazə verməkdən imtina edib.

5 il əvvəl Urmiyə yaxınlığında yerləşən Miyandab (Qoşaçay) şəhərinin “üçtəpə” kəndinin sakinləri dini inanclarına hörmətsizlik edilməsinə etiraz olaraq kütləvi aksiyalar keçirmişdi.

Kütləvi aksiyanın yatırılması zamanı təhlükəszilik qüvvələri ilə kənd sakinləri arasında silahlı qarşıdurma yaranmışdı.

Hadisə nəticəsində 3 adam ölmüş, bir neçə nəfər yaralanmışdı. Həmin hadisə ilə bağlı kənd sakinlərindən Səhənd Əli və Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə, Mehdi Qasımzadə və Yunus Ağayan həbs olunmuş və onların haqında edam hökmü çıxarılmışdı.

Daha sonra qərarlara yenidən baxılaraq, məhkumlardan 3 nəfərinin cəzası 13 il həbsə endirilsə də, Mehdi Qasımzadə və Yunus Ağayanın edam hökmləri təsdiqləndi.

Mehdi Qasımzadənin edamı, haqqında oxşar qərar çıxarılmış Yunus Ağayanın da hər an edam edilə biləcəyi ilə bağlı ciddi narahatlığa səbəb olub.

Qeyri-rəsmi mənbələr onu da bildirirlər ki, İranın mərkəzində yerləşən Yəzd şəhərinin zindanına köçürülən Səhənd Əli Baxşəli Məhəmmədi və İbadulla Qasımzadə Mehdi Qasımzadənin edam hökmünün icrasına qarşı etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Qoşaçayın “üçtəpə” kəndinin sakinləri milliyyətcə azərbaycan türkləri, dini etiqad baxımdan isə İslamın “Əli Allahi” kimi tanınan “Ələvi” təriqətinə inanırlar.

XS
SM
MD
LG