Accessibility links

Barak Obama Dmitri Medvedevə məktubunun məğzini aydınlaşdırdı


ABŞ prezidenti Barak Obama İranın nüvə silahı əldə etmək səylərindən geri çəkilməsinin, Avropada raket əleyhinə sistem yerləşdirməyə ehtiyacı azalda biləcəyini söyləyib.

Ancaq cənab Obama Moskvanın Tehrana təzyiq edəcəyi təqdirdə, Vaşinqtonun raket əleyhinə sistemlə bağlı planı yenidən nəzərdən keçirəcəyi barədə məlumatları inkar edir.

Ağ Ev rəhbəri deyir ki, o, bu yaxınlarda rusiyalı həmkarı Dmitri Medvedevə göndərdiyi məktubda raketdən müdafiə və İranın nüvə ambisiyaları da daxil olmaqla, bir sıra məsələlərdə ümumi narahatlıqlarını izhar edib:

“Söhbət ətraflı məktubdan gedir ki, orada da nüvə istehsalından tutmuş, təhlükəısizlik sahəsində ümumi narahatlıqlara qədər bir sıra məsələlərdən bəhs olunur”.

Lakin cənab Obama əlavə edir ki, məktubunda heç bir hərəkətdən söhbət aparmayıb:

“Mən əvvəldən raketdən müdafiə proqramının uzaq mənzil üçün, yəni Rusiyadan yox, İrandan gələ biləcək təhlükəyə qarşı nəzərdə tutulduğunu bildirmişəm”.

Vaşinqtonun Polşada raket sistemi, Çex Respublikasında isə radar qurğusu yerləşdirmək planı Moskvanı qəzəbləndirmişdi. Prezident Medvedev Obama administariyasından bəzi spesifik təkliflər gözlədiyini açıqlamışdı.

Bu mövzunun Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Hillari Klinton arasında bu cümə günü Cenevrədə nəzərdə tutlan görüşdə də müzakirə olunacağı gözlənilir.

Vaşinqtonda səfərdə olan Böyük Britaniyanın baş naziri Qordon Braun da Ağ Evdə görüşünün əvvəlində president Obamanın onun müşahidələrinə görə, Rusiya-ABŞ münasibətlərinin təkmilləşməsində nikbin baxdığını bildirib.

Bu arada, Pentaqon başçısı Robert Geyts də Moskva ilə Vaşinqton arasında İran məsələsində birgə fəaliyyətə dair dialoqa ehtiyac olduğunu vurğulayıb.

ABŞ müdafiə naziri bildirib ki, Obama administrasiyasının Avropa siyasəti, Rusiya və raketdən müdafiə ilə bağlı planlar hələ ki, qüvvədə qalmaqdadır.

XS
SM
MD
LG