Accessibility links

ABŞ və Türkiyə Dağlıq Qarabağ məsələsini müzakirə edə bilərlər


Türkiyə mənbələri ABŞ dövlət katibi Hillari Klintonun sabah Ankarada aparacağı danışıqlarda bir sıra qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ probleminin də müzakirə olunacağını bildirirlər.
Xanım Klintonun səfəri ərəfəsində Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının eksperti Həbibə Özdal Amerikanın səsinə müsahibə verib.

Sual: Yayılan məlumatlara görə, ABŞ dövlət katibi Hillari Klintonun Türkiyə rəsmiləri ilə təmaslarında əsasən beynəlxalq məsələlər ağırlıq təşkil edəcək. Bu səfər ilk növbədə Türkiyə üçün hansı əhəmiyyət daşıyır?

Cavab: Bu, Hillari Klintonun dövlət katibi qismində Türkiyəyə ilk səfəri olacaq. Buna görə də, iki tərəf arasında müzakirə edilməli bir çox məsələlər var. Gürcüstan müharibəsi, İran, Rusiyanın beynəlxalq səhnədə davranışlarına dair Ankaranın sərgilədiyi mövqe və şübhəsiz ki, Türkiyə ABŞ əlaqələrinin gələcəyi. Bütün bunlar müzakirə olunmalıdır. Məhz bu məsələlərin masa üzərinə çıxarılacağını da güman etmək olar.

Sual: Gürcüstan müharibəsindən sonra NATO və ABŞ Rusiya ilə dialoqlarını dayandırmağa qərar verəndə, Türkiyə bunun əksinə olaraq, Moskva ilə yaxınlaşdı. İran məsələsində də Ankaranın yürütdüyü kurs, bir çox ekspertlərə görə, Qərb siyasəti ilə kəsişmir. Türkiyə habelə son vaxtlar Qafqazda yeni təşəbbüslər göstərməkdədir. Bütün bunlar sanki Vaşinqtonla Ankara arasında yolların artıq ayrıldığı təəssüratını yaradır. Bu, həqiqətdə də belədirmi?

Cavab: Baş verənlərə nəzər saldıqda, bu kimi qənaətlərə gəlmək mümkündür. Amma əslində, vacib məsələlərdə ölkələrin xarici siyasət kursunun fərqliliyi, həm də onların müstəqilliyini ortaya qoyur. Strateji müttəfiqlik heç də ölkələrin öz maraqlarını kənara qoyub, bütün məsələlərdə eyni hərəkət etməsi deyil. Əksinə, strateji müttəfiqlər sadəcə fikir ayrılıqlarının bir-birilərinin münasibətlərinə təsir göstərməməsinə çalışmalıdırlar. Türkiyənin Qafqazda aktiv siyasət yürütməsi təbiidir, çünki bu bölgə ilə birbaşa bağları var. Əlbəttə, Rusiyanın da öz maraqları var. Belə vəziyyətdə elə davranmaq lazımdır ki, maraqlar qarşıdurmaya çevrilməsin. İrandan bəhs etdikdə isə, Türkiyənin çoxtərəfli diplomatiya yürütdüyü ortaya çıxır. Bu, ABŞ-la Türkiyənin münasibətlərinin sarsıldığı kimi başa düşülməməlidir. Əksinə, bu, Tükriyənin İranla münasibətlərində bir problem arzu etmədiyini göstərir.

Sual: Türkiyə ilə ABŞ liderləri arasında telefon müzakirələri və ardınca da dövlət katibi Hillari Klintonun Ankaraya səfəri – bütün bu təmaslar erməniləin soyqırım iddiaları ətrafında Vaşinqtonda müzakirələrin intensivləşdiyi dövrə təsadüf edir. Bu vəziyyətdə Ankaranın Vaşinqtona çatdırmaq istədiyi mesajları nədir?

Cavab: Ermənistan Türkiyənin xarici siyasətində ən həssas mövzulardan biridir. Ancaq ABŞ-dakı erməni lobbisi ilə yanaşı, siyasətçilər də bu mövzuya ara-sıra meyllənirlər. Dövlət katibi Klintonun ankaradakı təmaslarında bu mövzu açılsa, Türkiyə şübhəsiz ki, öz həssasiyyətini bir daha ortaya qoymağa çalışacaq. Çünki indi vəziyyət tədricən dəyişib: Türkiyə Ermənistan ikitərəfli müzakirələrində bəzi inkişaflar mövcuddur. Buna görə də, Ankarada əsas gözləntilər ABŞ rəhbərliyinin bu iddiaları soyqırım kəlməsi altında dilə gətirməməsidir.

Sual: Sizcə, Ankarada dövlət katibi Klintonla aparılacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunacaqmı?

Cavab:
Bəli, tərəflərin mütləq Dağlıq Qarabağ və Gürcüstan münaqişələri üzərində duracaqları gözlənilir. Düzdür, ABŞ-ın yeni administrasiyasının əsasən hansı regionlara daha artıq diqqət ayıracağı ilə əlaqədar bəzi fərqli müzakirələr mövcuddur. Ancaq unutmamaq lazımdır ki, hazırkı proseslər Rusiyanın da məhz bu bölgədə önə çıxmaq istəyini ortaya qoyur...

XS
SM
MD
LG