Accessibility links

Azərbaycan prezidenti İrana gedir



Azərbaycanın xəbər agentlikləri ölkə prezidenti İlham Əliyevin sabah İrana rəsmi səfər edəcəyi barədə məlumat yayıblar. İran rəhbərliyi ilə görüşlərdə, Xəzərin statusu daxil olmaqla, bir sıra məsələlərin müzakirə ediləcəyi ehtimal edilir. Əliyevin habelə Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılacağı xəbər verilir. Azərbaycan prezidentinin İran səfəri ərəfəsində politoloq Rasim Musabəyov iki ölkənin münasibətlərinə dair Amerikanın səsinə müsabibə verib.

Sual: Adətən, Azərbaycan və İran prezidentləri qarşılıqlı səfərləri zamanı ölkələri arasındakı münaibətləri başqalarına örnək gətirirlər. Ancaq Bakı-Tehran münasibətlərini xarakterizə edən siyasətçılər isə hesab edirlər ki, bir sıra məsələlərdə bu iki ölkə arasında əlaqələrdən örnək götürməli çox şey olmayıb. Siz bu münasibətləri necə xarakterizə edərdiniz?

Cavab: Üzdə təbii ki, biz qonşuluq münasibətlərimizdən bəhs etməyə daha çox üstünlük veririk. Ancaq hamı gözəl anlayır ki, münasibətlər heç də, üzdə olduğu kimi deyil. Ziddiyyətlər mövcuddur və bunun da çox əsaslı səbəbləri var. İlk növbədə, İranın Ermənistanla əlaqələri, xüsusilə də ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində müəyyən layihələr həyata keçirməsi Azərbaycanda təbii ki, olduqca mənfi qarşılanır. İran rəsmiləri də öz növbəsində, Azərnbaycanda təhlükəsizlik qüvvələrinin radikal islamçı qrupları zərərləşdirməsi siyasətini elə də müsbət qarşılamırlar. Halbuki, İranda Azərbaycan milli hərəkat nümayəndələrinə qarşı divan tutulması da Azərbaycan ictimaiyyətini ciddi narahat edir və olduqca mənfi qarşılanır.

Sual: Bəs beynəlxalq müstəvidə bu iki dövlətin bölüşə bilmədikləri nədir?

Cavab: İranın nüvə proqramı ilə bağlı üzləşdiyi təzyiqlərə Azərbaycanın bəslədiyi loyal mövqe əslində, kifayət qədər ehtiyatlıdır və İran üçün məqbuldur. Ancaq ayrı məsələlər var. Tutaq ki, İranın anti-İsrail və ümumilikdə Yaxın Şərqlə bağlı mövqeyini Azərbaycan bölüşmür. İranın elan olummuş anti-Qərb və anti-Amerika siyasıtini Azərbaycan bölüşmür. İranın Azərbaycana İsrail və ABŞ-la münasibətlərini hansı müstəvidə qurmağa dair verdiyi məsləhətlər Bakıda qəbul olunmur. Bu və başqa məsələlərdə iki ölkənin münasibətlərində gərginlik var. Ələlxüsus da Xəzərin bölgüsü ilə bağlı İranın heç bir çərçivəyə sığmayan iddiaları sözügedən məsələnin həlli və münasibətlərin yumşalması üçün ən böyük maneədir.

Sual: Siz Azərbaycan prezidentinin İrana hazırkı rəsmi səfərini zəruri edən hansı amilləri sadalaya bilərdiniz?

Cavab: Onsuz da iki dövlət arasında səfərlər növbəli prinsiplə həyata keçirilir. Az əvvəl İran prezidenti Bakıya gəlmişdi, buna görə də indi növbə İlham Əliyevdə idi. Əslində, bu səfər üçün indi heç də əlverişli məqam deyil. Çünki İranda prezident seçkiləri gözlənilir və Əhmədinecadın yerində qalıb qalmayacağı hələ məlum deyil. Fərz edirəm ki, Azərbaycan prezidenti onsuz da EKO-nun sammitinə qatılacağını nəzərə alaraq, özünün rəsmi səfərini də bu vizitlə eyniləşdirdi. Mənim fikrimcə, bu onun göstəricidir ki, heç də Azərbaycan bu rəsmi səfərdə maraqlı deyil.

XS
SM
MD
LG