Accessibility links

“Leyli və Məcnun” Amerikanın ən mötəbər səhnələrində ifa edilir


Virtouz violençelist Yo-Yo Manın İpək Yolu ansamblı Azərbaycan opera musiqisinin incisi olan "Leyli və Məcnun" operası əsasında hazırlanmış kompozisiyanı Amerikanın bir sıra şəhərlərində ifa edir. Paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan musiqisevərlər kompozisiyanı Merilend ştatındakı Stratmor konsert salonunda dinləmək imkanı əldə etdilər.

Operanın orkestr hissəsini İpək Yolunun musiqiçiləri, o cümlədən violençeldə Yo-Yo Ma ifa edib. Alim Qasımov və Fərqanə Qasımova isə əsas partiyaları ifa ediblər. Musiqiçiləri kamançada Rauf Mənsurov, tarda isə Ələsgər Məmmədov müşayiət ediblər.

Ansamblın "Leyli və Məcnun"la tanışlığı 2006-cı ildə Alim Qasımovun musiqiçilərə Üzeyir Hacıbəyovun operasının musiqisi əsasında kompozisiya yaratmaq təklifi ilə başlayıb. Alim Qasımov Yo-Yo Maya musiqi üzərində işləməyi təklif etdikdən sonra ansambl operanın orkestr və muğam hissələrini ifa etmək imkanlarını öyrənib. İndi musiqiçilər deyir ki, artıq Alim humayun dedikdə hamı bilir ki, muğamın ən qəmli sədalarını eşidəcəklər.

İpək Yolu "Leyli və Məcnun"un improvizə edilməsi üzərində üç il işləyib. Bu mövsüm İpək Yolu kompozisiyanı Rod Ayland, Massaçusets, Merilend, Minneapolis ştatlarında, habelə Kanadada Toronto şəhərində ifa edədək.

Alim Qasımov layihənin başa çatmasını böyük ruh yüksəkliyi ilə qarşıladığını bildirib. Ansamblın bədii rəhbəri və yaradıcısı Yo-Yo Ma isə deyir ki, universal olan bir əsər artıq bir şəxsə və bir yerə deyil, hamıya mənsub olur.

İpək Yolunun Azərbaycan musiqisi ilə tanışlığı isə Firəngiz Əlizadənin "Dərviş" komposiziyasından başlayıb. Alim Qasımov İpək Yolu ansamblının dörd novator musiqiliçisindən biridir. 1999-cu ildə fəaliyyətə başladığı vaxtdan İpək Yolu milli musiqi ənənələrinin müasir musiqi janrları ilə vəhdətini yaradaraq dünya xaqlarının musiqisini ifa edir.

XS
SM
MD
LG