Accessibility links

Roger Makdermott: ‘Azərbaycan Əfqanıstana təchizat marşrutu açır’


Azərbaycan Əfqanıstana təchizat marşrutu açır. Vaşinqtondakı Jemstaun fondunun hərbi-siyasi məsələlər üzrə eksperti Roger Makdermottun bugünkü məqaləsinin başlığı belədir. Müəllif Cənubi Qafqazda hərbi proseslərin araşdırmacısı kimi tanınır.

Bu günlərdə Bakıda ABŞ-ın Avropa Komandanlığının Azərbaycan, Türkiyə və Gürcüstan rəsmiləri ilə təşkil etdiyi dialoqu xatırladan Makdermott yazır ki, Birləşmiş Ştatlar Əfqanıstanda hərbi təchizatını artırmağa hazırlaşdığı bir vaxtda, Amerika ordusu yeni sualla üzləşib: Bu təchizatları ünvanına necə çatdırmaq?

Müəllif daha sonra qeyd edir ki, Qırğızıstan hökumətinin Manas bazasını Amerikanın üzünə bağlamasından sonra, Vaşinqton qeyri-hərbi yüklərini Əfqanıstana Türkiyə və Cənubi Qafqazdakı yerli şirkətlər vasitəsilə təchiz etmək imkanlarını axtarır.

Makdermottun yazdığına görə artıq bir dəfə Xəzər Dəniz Gəmiçilik Administrasiyasının razılığı ilə, Cəbuni Qafqaz dəhlizi uğurla sınaqdan keçirilib, belə ki, bu yolla bəzi konteynerlər Azərbaycan üzərindən Əfqanıstana ötürülüb.

Bu maştrutun rentabelliyi müəyyən ediləndən sonra ayda ən azı 30 min konteyner yola salınmalıdır. Bu günə kimi habelə 90-dan artıq konteyner Qazağıstanın Aktau limanından Əfqanıstana göndərilib.

Müəllif daha sonra ABŞ-ın Bakıdakı səfiri Ənn Dörsidən sitat gətirərək, Vaşinqtonun təhlükəsizlik məsələsində Azərbaycana açar ölkə kimi baxdığını yazır.

Bakıdakı Amerika rəsmilərinin açıqlamalarını şərh edən yerli ekspertlər isə deyirlər ki, tranzit keçid barədə razılaşmalar, ehtiyac olduqda, ABŞ həbçilərinin Azərbaycanda yerləşdirilməsinə də zəmin hazırlaya bilər.

Müəllif Ermənistanın da koalisiya qüvvələrinə öz ərazisini təklif etdiyini yazır, belə ki, müdafiə naziri Seyran Ohanyan ölkəsinin bu işdə marağını ifadə edib.

Lakin Makdermota görə, Əfqanıstanın yerüstü təchizatı üçün ən ugurlu tranzit yolu marşrutu Türkiyə- Azərbaycan-Qazağıstan-Türkmənistan yolu ola bilər.

Yeri gəlmişkən, Azərbaycana Manas bazasının alternativi kimi baxılma ehtimalı Amerika qəzetlərində də geniş müzakirə olunur.

“New York Times” yazır ki, əgər Vaşinqtonun qırğız rəsmiləri ilə aviabazanın icarəsinə dair son danışıqları nəticə verməsə, sözügedən bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq.

Müəlliflər Tom Şanker və Elizabet Bumilerin ehtimalına görə, Amerikanı bu seçimə sövq edən bəzi narahatlıqları var. Belə məlumatlar gəzir ki, Rusiya öz ərazisi ilə koalisiya qüvvələrinin Əfqanıstana böyük miqdarda yük daşımasına məhdudiyyətlər qoya bilər.

Lakin Azərbaycanın Türkiyə ilə birlikdə Əfqanıstana yeni təchizatçı kimi cəlbində məqsəd, Nyu York Taymsa görə, Rusiya yolunu tam əvəz etmək yox, yalnız əlavə bir marşrut əldə etməkdir.

XS
SM
MD
LG