Accessibility links

ABŞ Mətbuatı: Obamanın İrana Novruz mesajı


ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibətilə İrana ünvanladığı təbrik mesajı ölkə mətbuatında geniş təhlil edilməkdədir. Amerikanın dünyadakı imicindən narahat olan bir sıra ekspertlər Vaşinqtonla Tehran arasında dialoq qurulmasının vaxtının gəlib çatdığını düşünür. Başqaları isə İran rejimi ilə münasibətlərin yaxşılaşdırılmasının Amerikaya baha başa gələcəyindən xəbərdarlıq edir.

New York Times qəzetinin köşə yazarı Rocer Kohen Prezident Obamanın öz mesajında 4 əsas məqsədə nail olduğunu qeyd edir. Birincisi, İslam Respublikası ifadəsini işlətməklə Obama rejim dəyişikliyini siyasi kurs kimi inkar edir. İkinci olaraq, o, hərbi vasitəni masa üzərindən götürür. Üçüncüsü, Obama İran hakimiyyətinin ikrah bəslədiyi kökə-çubuq yanaşmasından imtina edir. Və nəhayət İranın nüvə proqramı müzakirə obyektinin mərkəzindən çıxarılır.

Kohen Amerikanın açıq şəkildə 30 illik İslam İnqilabını qəbul etməsini alqışlayır. Belə ki, müəllifin fikrincə prezidentin qarşılıqlı hörmət prinsiplərini əsas götürməsi dialoqun uğur şanslarını artırır. İranın dini lideri Ayətulla Xameneinin Obamanın təbrikinə soyuq münasibətini başqa cür yozan Kohen əslində İran rəhbərliyinin öz xarici siyasi addımlarını ehtiyatla hesabladığını bildirir. Çoxsaylı iqtisadi problemlərlə üzləşən İslam respublikası onu da anlayır ki, radikalizmin bir hüdudu olmalıdır. Xameneinin başlıca rolu İran inqilabını qoruyub saxlamaqdır. Bu xüsusda 30 illik qarşıurmanı aradan qaldırmaq təmkin və səbr tələb edir. Lakin Obamanın saatının əqrəbləri İsraildə baş nazir olmağa hazırlaşan Benyamin Netanyahunun saat əqrəbləri ilə eyni sürətdə hərəkət etmir. Kohen vurğulayır ki, Amerikanın İranla münasibətləri sahmana salması ABŞ-İsrail münasibətlərinə təsir göstərəcək. Tel Əvivdə sağçı Likud partiyasının hakimiyyətə gəlməsini nəzərə aldıqda Amerika ilə İsrail arasındakı təzadlar daha aydın nəzərə çarpmağa başlayacaq.

Mühafizəkar Weekly Standard məcmuəsinin baş redaktoru Vilyam Kristol isə Obamanın Novruz təbrikindən narazılğını ifadə edir. “Prezident Obamanın İrana yeni il mesajında siz hüriyyət sözünü tapmazsınız. Burada heç azadlıq, demokratiya və insan haqları kəlmələri də yoxdur,” deyə Kristol yazır. Müəllifin sözlərinə görə Obamanın İran xalqı və hökumətinə mesaj ünvanlanması güman edir ki, İranda xalqla rejim vəhdət təşkil edir. Obama sələflərindən fərlqi olaraq açıq şəkildə İranın dindar rəhbərlərinə hörmət bəslədiyini deyir. Lakin ABŞ-ın İranla bağlı tələbləri haqda demək olar ki, heç nə deyilmir. Obama inanır ki, İran kimi bədniyyətli ölkələrlə yalnız dost dilində danışmaq lazımdır. O, hədələrə inanmır.

Kristol onu da nəzərə çatdırır ki, son zamanlar İranda insan hüquqlarının durumu getdikcə ağır vəziyyətə düşməkdədir. Obamanın Novruz təbrikindən azacıq öncə gənc İranlı bloqqer Omid Mir Səyyaf Tehranın Evin həbsxanasında dünyasını dəyişdi. O, Ayətullah Əli Xamenei və Ayətulla Ruhulla Xomeynini təhqir etmək üstündə həbs olunmuşdu. Bu arada 31 yaşlı Amerikalı jurnalist Roksana Saberi qeyri-qanuni şəkildə İranda həbsdə yatır. ABŞ Dövlət Katibi Hillari Klinton və Şimali Dakotanın konqres nümayəndələrinin müraciətlərinə İslam Respublikasının hökuməti məhəl qoymur. Belə görünür ki, Novruz mövsümündə İranda hökumət idarələrinin bağlı olması üzündən Saberi hələ əlavə 2 həftə də məhbəsdə qalmalı olacaq. Lakin Prezident Obama Saberini həbs edənlərə hörmət nümayiş etdirir. Görən dünyanın necə, prezident Obamaya hörməti olacaqmı, deyə Vilyam Kristol retorik sualla yazısını bitirir.
XS
SM
MD
LG