Accessibility links

Xaricdən sığınacaq istəyən azərbaycanlıların sayı artıb


2008-ci ildə 1834 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrdən sığınacaq istəyib. Bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının sənaye ölkələrindən sığınacaq istəyənlər barədə illik hesabatında deyilir.
Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, sığınacaq istəyənlər müxtəlif səbəblərdən bu yolu seçir. Onun fikrincə, son dövrlərin iqtisadi böhranı ölkədən gedənlərin sayının çoxalmasına səbəb olub.

Cənab Əliyevin fikrincə, son dövrlər həbs edilən nazirlərin, Milli Məclisin keçmiş spikeri Rəsul Quliyevin qohumları və tərəfdarları daha çox xarici ölkələrə üz tutur.

Birlik rəhbəri hesab edir ki, siyasi təzyiqlərə məruz qalanlar və jurnalist Elmar Hüseynovun qətlindən sonra jurnalistlərin sığınacaq almaq üçün müraciətləri çoxalıb.

O, 2008-ci ildə hətta yüksək vəzifəli dövlət məmurlarının ailə üzvlərinin ailə zorakılığına görə xarici ölkədən sığınacaq istədiyini də bildirib. Ancaq cənab Əliyev həmin şəxslərin adını açıqlamayıb. O, azərbaycanlıların qaçqın statusu almaq üçün daha çox Avropa ölkələrinə müraciət etdiyini bildirib.

Birlik sədrinin dediyinə görə, 2008-ci ildə Azərbaycanda sığınacaq almaq üçün yüzədək insan müraciət edib və onlardan yalnız birinə sığınacaq verilib.

XS
SM
MD
LG