Accessibility links

İranda bir grup qadın fəal həbs edilib


Bu gün Tehranın təhlükəsizlik qüvvələri bir grup qadın hüquq müdafiəçisini həbs edib. İrandakı mənbələrin bildirdiyinə görə, saxlanılan qadın fəallar “Bir milyon imza kampaniyası”nın təşkilatçılarındandır.
Həbs olunanlar arasında, Məhbubə Kərəmi, Leyla Nəzəri, Fərxundə Ehtisabian, Xədicə Müqəddəm, Dilara Əli, Məryəm Zəndi və bir neçə kişi, o cümlədən Əli Əbdi, Əmir Rəşidi, Məhəmməd Şurab və Arəş Nəsirinin olduqları qeyd edilir.
Yayılan məlumatlara görə, özünü “sülh anaları” kimi təqdim edən qadın hüquq müdafiəçiləri Tehran küçələrinin birində bir araya gələrək, hazırda həbsdə olan Zəhra Bəni Yaqubun ailəsinə baş çəkmək məqsədi ilə onun evinə yollanmaq istəyiblər. Bundan xəbər tutan Tehranın Təhlükəsizlik Polisi isə həmin əraziyə hücum edərək, qadın fəallarını və onları dəstəkləyən kişiləri həbs edib. Onlar yaxınlıqda yerləşən polis bölməsinə aparılıb.

Həbs edilən qadınlar, 2 il öncə başlanan və hələ də davam edən “Bir milyon imza kampaniyası”ın təşkilatçılarındandır. Onlar, 1 milyon imza toplayaraq, qadınlara qarşı ayrı-seçkilik tətbiq edən İran qanunlarını dəyişdirmək tələbi ilə ölkə parlamentinə müraciət etmək niyyətindədirlər.

Qadınlara qarşı ayrı-seçkilik İran qanunlarında rəsmiləşdirilib. İran qanunlarına görə, qadın bir sıra vəzifələrə yüksələ bilməz. O cümlədən, qadın prezidentliyə namizəd və ya din xadimi ola bilməz. Qadın, hakim işləyə bilməz. Ailədə mal bölüşməsi zamanı, qadınlara, ailədəki kişilərə çatan var-dövlətin yalnız yarısı qədər pay verilir. Məhkəmədə 2 qadının şahidliyi yalnız 1 nəfərin şahidliyi kimi qəbul olunur. Qadın qətlinə görə tətbiq olunan diyə (qətl edilən tərəfin yaxınlarını razı salmaq üçün qətli törədən tərəfin ödəməli olduğu məbləğ) kişi qətlinə görə tətbiq olunan məbləğdən 50 faiz aşağıdır.
İranın hökümət rəsmiləri, o cümlədən İranın Ədliyə orqanları “Bir milyon imza kampaniyası”nın təşkilatçılarını İran İslam Respublikası hakimiyyətinə qarşı “yumuşaq çevriliş” cəhdində ittiham etsələr də, kampaniya təşkilatçıları bu iddiaların əsassız olduğunu bildirir.

XS
SM
MD
LG