Accessibility links

Ərdəbilli məhbus işgəncələrə məruz qalır


Təxminən iki aydır Ərdəbil Ettelaatının qapalı təcridxanasında saxlanılan ərdəbilli fəal Ramin Sadiqi Əslə ağır işgəncələr verildiyi barədə xəbərlər yayılır.
Qeyri-rəsmi mənbələr bildirir ki, Ramin Sadiqi Əsl davamlı olaraq ayağından asılır və onun bədəninə elektrik şoklar verilir.
Həmin mənbələr, azərbaycanlı fəalın şallaqlandığını, kabellə döyüldüyü, uzun müddət yuxusuz saxlandığı, davamlı təhqirlər və başqa psikoloji təzyiqlərə məruz qaldığını bildirirlər.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Ettelaatın işgəncələri altında Ramin və onunla birlikdə həbs olanan qardaşları Məhəmməd və İbrahim Sadiqilər bir sıra etiraflara imza atmağa məcbur ediliblər. Müxtəlif mənbələrin bildirdiyinə görə, onlar gizli olaraq Araz çayını keçərək, Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurmaq və yaşadıqları bölgədə azərbaycançılığı təbliğ edən materiallar yaymaqla bağlı müəyyən tapşırıqlar aldıqlarını etiraf etməyə məcbur ediliblər. Bundan başqa, onlar hərəkatın tanınmış simalarından olan Abbas Lisani və onun həyat yoldaşına qarşı bir sıra etiraflara da qol çəkiblər.
Novruz bayramından öncə Ərdəbilin İslam İnqilabı Məhkəməsinə çıxarılan Ramin Sadiqi isə daha öncə imza atdığı etirafların, qapalı təcridxanada ağır işgəncələr altında alındığını və tam etibarsız olduğunu deyib. Bundan qəzəblənən məhkəmə rəsmiləri isə siyasi məhbusu Ettelatın qapalı təcridxanasına geri göndəriblər. Yerli mənbələrin bildirdiyinə görə, Ettelaat əməkdaşları əvvəlki etiraflarını təsdiqlətdirmək məqsədi ilə Raminə daha kəskin işgəncələr verirlər.
Ramin Sadiqi ilk dəfə olaraq 3 il əvvəl “Beynəlxalq Ana Dili Günü” ilə bağlı Azərbaycan şəhərlərində keçirilən aksiyalar zamanı həbs edilmiş, 1 ay saxlandıqdan sonra zaminə buraxılmışdı. Son dəfə isə o, 2 ay öncə iki qardaşı ilə birlikdə həbs olunub. Raminin yeniyetmə yaşlarında olan qardaşları, Məhəmməd və İbrahim Novruz bayramından öncə zaminə buraxılıb. Onların da saxlandıqları müddətdə fiziki və psikolojik işgəncələrə məruz qaldıqları bildirilir.

XS
SM
MD
LG