Accessibility links

Sergey Markov: ‘ABŞ-Rusiya münasibətlərində yeni mərhələ açılır’


ABŞ və Rusiya prezidentlərinin ilk görüşü Moskvada da diqqətlə izlənilir. Gözlənildiyi kimi, Barak Obama ilə Dmitri Medvedev iki ölkənin hazırkı qlobal problemlərə yanaşmasından tutmuş, keşmişdəki mübahisələrə qədər bir çox məsələlərə nəzər saldılar.

Həm ABŞ, həm də Rusiya prezidentləri bu görüşü qarşılıqlı münasibətlərdə yeni mərhələ kimi təqdim edirlər.

Baxmayaraq ki, iki ölkə arasında İran, NATO-nun öz fəaliyyətini genişləndirməsi və raket əleyhinə müdafiə sistemi kimi ziddiyyətli məsələlər hələ də qalıb, hər iki tərəf gərginləşmiş münasibətləri yoluna qoymağa söz veriblər.

Prezidentlər nüvə başlıqlarının sayının azaldılması barədə danışıqları bərpa etməyi razılaşdırıblar. Baş tutacağı təqdirdə, bu mövzuda danışıqlar son 10 ildə ilk dəfə olaraq keçiriləcək.

Dmitri Medevedevlə dialoqdan sonra Amerika prezidenti bəyan edib ki, o, iyul ayında Moskvaya səfər etmək üçün rusiyalı həmkarının dəvətini qəbul edib.

O deyib ki, təfərlər iqlim dəyişikliyi və kütləvi qırğın silahlarının yayılmaması məsələsini də müzakirə ediblər ki, bu məsələlər Amerika prezidentinin Avropa turnesi boyunca diqqət mərkəzində olacaq.

Bütün bunlarla yanaşı, prezidentlər Avropada raketdən müdafiə sistemləri yerləşdirilməsi və Cənubi Osetiya münaqişəsi məsələlərində fikir ayrılıqlarının qaldığını da vurğulayıblar.

Bəs Moskvada Obama-Medvedev görüşünü necə şərh edirlər?

Sergey Markov Rusiya Parlamenti Federasiya Şurasının üzvüdür. O deyir ki, iki ölkə arasıdna fikir ayrılıqları bir görüşlə həll ediləsi məsələ deyil, belə ki, bunun tarixi kökləri var. Amerikanın səsinə müsahibəsində cənab Markov fikrini belə əsaslandırıb:

“Məncə, Amerika ilə münasibətlərin bu xətt üzrə inkişafında müəyyən həqiqət var. Münasibətlərin pisləşməsinə görə, təkcə Rusiya məsuliyyət daşımır. Amerika prezident Corc Buşun dövründə bir sıra səhvlərə yol verdi. İraqa daxil olmaq, raket məsələsi və həm də İran mövzusunda dünyadakı fikir ayrılıqları Vaşinqtondan qaynaqlandı. Bizim belə problemlərimiz yox idi”.

O deyib ki, Qarabağ məsələsində böyük dövlətlərin dəstəyinə ehtiyac var:

”Biz ümid edirik ki, beynəlxalq terrorizmlə mübarizədə də, müdafiə raketləri məsələlərində də birgə işləmək yollarını tapa bilərik. Bu, düzgün olardı və bunu Rusiya çoxdan təklif edib. Ümid edirik ki, ABŞ da Rusiyanın mövqeyi ilə razılaşacaq”.

Bəs prezidentlərin bugünkü görüşündən sonra iki ölkənin münasibətlərində yeni mərhələnin başlandığını demək olarmı?

Sergey Markov bu suala cavabında deyir ki, Buş-Çeyni komandasının hakimiyyətdən getməsindən sonra, Vaşinqtonda ümumiyyətlə dünyaya yeni baxış ortaya çıxdı:

“Vaşinqton indi bütün dunya ilə münasibətlərində yeni mərhələ yaradıb. Həm Avropa Birliyi ilə, həm Rusiya ilə, İranla və həm də digər ölkələrlə… İndi Vaşinqton Buş və Çeyninin yürütdüyü riskli siyasətdən uzaqlaşır. Bu, gözəl imkanlar açır”.

Ümumilikdə, Rusiya siyasi dairələrində yaxın vaxtlarla Moskva ilə Vaşinqtonun tam olmasa da, bir sıra məsələlərlə bağlı mövqeyində əsaslı yaxınlaşmanın olacağına ümidlər hələ də qalmaqdadır.

XS
SM
MD
LG